EN

İqtisad Universitetinin müəllimi vətəndaşın 800 min manatlıq mənzilini ələ keçirib – ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT / FOTO

Sabirabad rayonu, V.Əhmədov küçəsi, döngə 1, ev 33 sakini Mustafayev Yaşar Ağavəkil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Haqsızlıqla üzləşdiyini iddia edən Y.Mustafayev ölkə rəhbərliyinə müraciət edir:

“Mən, Sabirabad rayon sakini Mustafayev Yaşar Ağavəkil oğlu, böyük bir haqsızlıqla üzləşmişəm. Buna görə, mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,  Baş prokuror Kamran Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradova müraciət ünvanlayıram.

2016-cı ilin fevralında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, həm də “Heba Consulting” MMC-nin rəhbəri Vüsal Quliyev ilə aramızda kredit müqaviləsi imzalanmışdı. Sənəddə 211 min manat göstərilsə də, əslində, mən cəmi 170 min manat nağd pul almışdım.

Müqavilədə faizsiz yazılsa da, o pulu 4% faizlə hesablamışdı.

10 ay ərzində hər ay 6800 (altı min səkkiz yüz) manat ödəniş etmişəm. Beləliklə, 68 000 (altmış səkkiz min) manat ödəməyimə baxmayaraq, işimlə bağlı ölkədən kənarda olduğum müddətdə mənim evim əlimdən alındı. Söhbət Bakı şəhəri, Nərimanov rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşən, ailəmin yaşadığı 5 otaqlı, böyük sahəsi olan mənzildən gedir.

Vüsal Quliyev məhkəmənin yekun qərarını gözləmədən, icraçılarla birgə ailəmi evdən çıxarıb. Daha sonra isə həmin mənzil, guya, 400 min manat dəyərində qiymətləndirilib, amma hərracda süni şəkildə ucuzlaşdırılıb və 255 min manata elə onun özünə satılıb. Halbuki, bu mənzilin bazar dəyəri azı 800 min manatdır.

Mən dəfələrlə demişəm ki, götürdüyüm borcu tam şəkildə ödəməyə hazıram. Amma o, evimi qaytarmaq istəmir. Mənim ailəm isə illərdir kirayələrdə sürünür. Vüsal Quliyev açıq-aşkar deyir: “Mənim pulum, şirkətim, arxamda adamlarım var”.

Bir müəllim üçün belə sözlər, belə hərəkətlər ayıbdır. Müəllim cəmiyyətə nümunə olmalıdır, kiminsə haqqını tapdalamamalıdır. Heydər Əliyev demişdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Mənim evimi əlimdən alan adam isə müəllim adını ləkələyir.

Mən, sadə bir vətəndaş olaraq, cənab Prezidentə və aidiyyəti dövlət orqanlarına müraciət edirəm. Xahiş edirəm, borcumu tam ödəməklə, mənzilim özümə geri qaytarılsın və milyonların sahibi olan “Heba Consulting” MMC-nin rəhbəri Vüsal Quliyevin bu qanunsuz əməlləri ciddi araşdırılsın”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Chosen
3
2
hurriyyet.az

3Sources