EN

Alimlər 165 milyon il əvvəl yaşamış tikanlı dinozavr kəşf ediblər

London, 28 avqust, AZƏRTAC

Alimlər boynundan bir metr uzunluğunda tikanlar çıxan nadir dinozavr növü kəşf ediblər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki,“Spicomellus afer” adlanan bu növ 165 milyon il əvvəl yaşamış və zirehli dinozavrların ən qədim nümunəsi sayılır. Kəşf Mərakeş ərazisində edilib və alimləri heyrətləndirib. Onlar hesab edirlər ki, bu tapıntı zirehli dinozavrların təkamülü ilə bağlı mövcud nəzəriyyələri yenidən gözdən keçirilməsini zəruri edir.

Birminqem Universitetindən professor Riçard Batler BBC-yə açıqlamasında bildirib ki, həmin canlı öz dövrünün “pank-rokçusu” olub. O, dinozavrın qeyri-adi tikanlı görünüşünə görə belə adlandırıldığını deyib. Layihənin digər rəhbəri London Təbiət Tarixi Muzeyindən professor Syuzanna Meydment isə vurğulayıb ki, tikanların birbaşa sümüyə birləşməsi olduqca nadir hadisədir: “Biz bu xüsusiyyəti nə qədim, nə də müasir heyvanlarda görmürük”,- deyə o, qeyd edib.

Mütəxəssislərin sözlərinə görə, dinozavrın bədəni qəribə çıxıntılar və tikanlarla örtülüb, boynunu əhatə edən sümükvari yaxalığı, həmçinin quyruğunun ucunda silah kimi çıxıntısı olub. Bu səbəbdən “Spicomellus afer” indiyədək aşkar edilmiş ən qeyri-adi dinozavrlardan biri hesab edilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Chosen
3
4
azertag.az

5Sources