ABŞ Daxili Təhlükəsizlik Departamenti xarici jurnalistlər, tələbələr və mübadilə ziyarətçiləri üçün ölkədə qalma müddətinin məhdudlaşdırılmasını təklif edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə departament məlumat yayıb.
Mövcud ölkə qanunlarına görə, bu kateqoriyadan olan şəxslər I, F və J vizalarını alırlar ki, bu da onlara ölkəyə girişin məqsədləri və şərtləri yerinə yetirildiyi müddətdə ABŞ-də qalmağa imkan verir.
Məsələn, şəxs mediada işləməyə və ya universitetdə oxumağa davam etdiyi müddətcə ölkədə qala bilər. Əksər hallarda isə bu cür vizaların etibarlılıq müddəti yoxdur.
Qurum əcnəbi jurnalistlərin ölkədə qalma müddətinin 240 gündən çox olmamaq şərti ilə məhdudlaşdırılmasını, sonra isə zərurət yarandıqda müddətin uzadılmasını təklif edir.
Çin vətəndaşları üçün yuxarıda göstərilən müddətin 90 günlə məhdudlaşdırılması təklif olunur.
Təhsil və ya mübadilə proqramı əsasında ABŞ-də gələnlər dörd ildən çox olmamaqla ölkədə qala biləcəklər.