EN

Bu şəxs 30 min manatadək cərimələnə bilərlər – XƏBƏRDARLIQ

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova səsləndirib.

Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir:

“Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər”.

T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

“Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir.

Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə:

– Fiziki şəxslərə 2 000 – 3 000 manat,

– Vəzifəli şəxslərə 5 000 – 10 000 manat,

– Hüquqi şəxslərə isə 20 000 – 30 000 manat cərimə nəzərdə tutulur.

Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir”.

T.Həsənova sonda qeyd edib ki, əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir:

“İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır”.

Chosen
4
6
tribunainfo.az

7Sources