EN

“Mütaliə şəxsi zövq deyil, paylaşdıqca böyüyən bir mədəniyyətdir” — MÜSAHİBƏ

Azərbaycanın gənc və istedadlı yazıçısı Sabina Nasif “Səmada Görüş” romanı ilə oxuculara həm poetik, həm də fəlsəfi bir yolçuluq təqdim edir.

Müəllif bu əsərdə insanın daxili aləminə, işıq və qaranlığın kəsişdiyi nöqtədə ruhun özünü kəşfinə səyahət edir. Müsahibəmizdə Sabina Nasif romanın yaranma hekayəsindən, yazı prosesindən, oxucu ilə münasibətindən və gələcək planlarından danışıb.

Müsahibəni təqdim edirik:

— “Səmada görüş” ideyası necə yarandı? Səni bu romanı yazmağa nə sövq etdi?

— “Səmada Görüş” ideya kimi yox, daxildə uzun müddət susmuş səslərin çağırışı kimi yarandı. Həyat sürətlə axarkən bir gün hiss etdim ki, dünyanı əvvəlki kimi rəngli görə bilmirəm; işıqlar solur, qaranlıqlar böyüyür, hisslər zəifləyir. Yazmaq mənim üçün itmiş duyğuları yenidən kəşf etmək, həyat eşqini və işığı tapmaq yolu oldu.
Yazarkən özümə bir şərt qoymuşdum – səmimiyyəti pozmamaq. Ona görə də kitabın səhifələrində hər cür duyğu görmək mümkündür: bəzi səhifələr zarafatla, bəziləri inamla, bəziləri dua ilə, bəziləri şübhə ilə, amma hamısı səmimiyyətlə yazılıb.

— Əsərdə qəhrəmanların daxili dünyası və yaşantıları çox ön plandadır. Bu obrazları yaradarkən öz həyatından ilham aldınmı?

— “Səmada Görüş” eyni anda həm xaricə, həm də daxilə yolçuluq hekayəsidir. Əsərin qəhrəmanı təyyarədə səfər edərkən, işıq və qaranlığın bir-birinə qarışdığı nöqtədə öz daxili sonsuz səmasını kəşf edir və bir ruhun özünədönüşü başlayır. Bu yolda öz həyatımdan izlər çoxdur amma bəzən yazdıqlarım öz dərinliyimdən kənara çıxıb, anlaya bilmədiyim qatları kəşf etməyə kömək olub.

— Romanın adı – “Səmada görüş” – həm simvolik, həm də poetik səslənir. Bu adın sirri nədir?

— Səmada başlanğıc və son yoxdur, qanadlarını hiss edən ruh üçün bu sərhədsiz azadlıq, daxili yüksəliş və özü ilə ən səmimi görüş yeri ola bilir.

— Yazı prosesin necədir – ilham gəldikcə yazırsan, yoxsa nizamlı planla işləyirsən?

— Qanadlarıma güvənsəm də, səmamda nizamı və axışı həmişə yaradan təyin edir. Adətən, isti havalarda yazmağı unuduram, sonra soyuq bir külək gəlir, özü ilə ilhamı da, məni də götürüb uzaqlara aparır.

— Hansı müəlliflər və ya əsərlər ədəbiyyata baxışına təsir göstərib?

— İlk mütaliələrim məktəb illərinə təsadüf edir və düşünürəm məhz ilk əsərlər ədəbiyyata marağımın yaranmasında əsas rol oynayıb — Sofinin Dünyası ilə dərin suallara dalmağı, Martin İden ilə daxili mübarizə aparmağı, Ceyn Eyr ilə eşqin dilində danışmağı, Kimyagər ilə öz iç səsimə qulaq asmağı öyrənmişəm. Bu kitablar yalnız ədəbiyyata baxışımı deyil, həyata baxışımı da formalaşdırıb.

— Müasir Azərbaycan oxucusunun zövqünü necə qiymətləndirirsən?

— Mütaliə yalnız şəxsi zövq deyil, paylaşdıqca böyüyən bir mədəniyyətdir. Sözsüz ki, təbliğ boşluqları bu mədəniyyəti zəiflədir. Amma yenə də düşünürəm ki, Azərbaycan oxucusunun düşüncəsində xüsusi bir dərinlik var: o, fikri yalnız ağıl prizmasından deyil, həm də ruhun işığı ilə oxumağı bacarır.

— Gənc qələm adamı olaraq, bugünkü gənclərin ədəbiyyata marağı səni qane edirmi? Onları oxumağa necə həvəsləndirmək olar?

— Sürətli informasiya dövründə fikri dərin düşüncə tələb edən kitablara yönləndirmək çətindir. Bu sürət bizi çox vaxt səthdə saxlayır – hər şeyi anlıq, yüngül və tez keçici bir təcrübə kimi yaşayırıq. Düşüncənin dərinliyi, hissin incəliyi, mənəviyyatın zənginliyi isə səthin arxasında gizlənir.
Mütaliənin təşviqində müasir imkanlardan istifadə böyük rol oynaya bilər. Məsələn, “Səmada Görüş” kitabında bir sıra şeir və esseləri süni intellekt vasitəsilə vizuallaşdırmışam və kitabda onlara QR kodlar yerləşdirmişəm. Bu, oxumağı maraqlı edir və oxucuların sosial şəbəkə mühitində kitabla qarşılaşmasını asanlaşdırır. Beləcə, söz və obrazlar həm ənənəvi, həm də rəqəmsal aləmdə canlı qalır. Amma sözsüz ki, tək əldən heç nə gəlmir. Yazar öz kitabının təbliği ilə tək məşğul olmamalıdır; kitabı oxucuya çatdırmaq üçün nəşriyyatlar, media, kitab klubları və cəmiyyət birgə çalışmalıdır.

— “Səmada görüş”dən sonra oxucuları hansı yeni layihələr və ya mövzular gözləyir?

— Hazırda doktorantura təhsili çərçivəsində “Uşaqların tərbiyəsində inanc amili” mövzusunda tədqiqat işi aparıram. Bu mövzu uşaqların daxili aləminin, mənəviyyatının və ruh dünyasının inkişafına dair müşahidələr aparmağa, insan təbiətini fərqli istiqamətlərdə kəşf etməyə imkan yaradır. Ümid edirəm ki, bu iş yalnız elmi cəhətdən deyil, eyni zamanda ədəbi baxımdan da oxucuların diqqətini cəlb edə biləcək.

— Səni məktəb vaxtlarından dərin düşüncəli, hissiyatlı biri kimi tanımışam. Ona görə də belə dərin, fəlsəfi və bəşəri roman mənim üçün gözlənilən idi. Amma oxucular üçün bu yaşda dərin düşüncəyə sahib olmağın alt qatında nəyin gizləndiyini bölüşə bilərsənmi?

— Verdiyin yüksək dəyərə və bu səmimi müsahibəyə görə təşəkkür edirəm. Dərinlik mövzusuna gəlincə, etiraf edim ki, dərin sularda üzmək üçün özümdə nə bacarıq, nə də cəsarət görmürəm. Ona görə də işimi sığortalayıb üzümü səmaya tutmuşam — orada sözlər azad, nəfəs almaq daha asandır, qanad açmaq üçün isə təbii və səmimi olmaq kifayətdir.

Söhbətləşdi: Dəniz Pənahova

Chosen
12
2
tribunainfo.az

3Sources