EN

Diplomaniya xəstəliyi və ya biz niyə özümüzlə barışmırıq?!

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial mediada hazırda bir dartışma mövzusu var. Əli klaviaturaya yatan hər kəs bu il tələbə adını qazanmış abituriyentlərdən yazır. Yazırlar ki, ali məktəbi bitirib işsiz qalacaqlar. Keçmiş abituriyentlərin, tələbələrin ailələri də bu fikrə etiraz edir; " niyə həvəsimizi qursağımızda boğursunuz?" deyirlər.

Əslinə baxanda, hər iki tərəf düz deyir. Ölkədə gerçək işsizlik faizi rəsmi rəqəmlərlə düz gəlmir. Eyni zamanda istər Azərbaycanda, istərsə də xarici ölkəlırdə ən nüfuzlu universitetləri bitirənlər də özlərinə normal iş tapa bilmir. Bəzi sferaları çıxmaq şərtilə əksər sektorlarda əməkhaqqı çox aşağıdır. Ölkədə ifrat traybalizm, məişət proteksionizmi hökm sürdüyündən sadə ailələrdən çıxmış bilikli, bacarıqlı gənclərin karyera qurması və irəli getməsi, demək olar, mümkün deyil. Dövlət qulluğuna qəbul imtahanla keçsə də, bu, əksər hallarda sırf formal prosedur səviyyəsindədir. Çünki işə qəbul ediləcək olanlar əvvəlcədən müəyyənləşdirilir, "yad" iddiaçılar isə imtahandan uğurla keçsələr belə, müsahibə mərhələsində "kəsilib atılır". Konkret faktlarımız var.

Bütün bunlar onu deməyə əsas verir ki, ali məktəbə qəbul olunmaq bir yana, oxuyub bitirmək də hələ hər şey demək deyil. Hətta işə qəbul olunmaqla da iş bitmir. Öz ağlının, savadının gücünə işə qəbul olunan arxasız gənclər də var ki, sınaq müddətindən keçməmək və sair kimi müxtəlif bəhanələrlə işdən çıxarırlar. Boşalan yerlərə səlahiyyətli şəxslərin yaxınları və ya başqa maraqlar əsasında seçilmiş adamlar yerləşdirilir. Bununla da bağlı faktımız var.

Beləliklə, bəli, bu ölkədə ali məktəbə qəbul olunmaq hələ hər şey demək deyil. Çox təəssüf ki, bir çox insanlar övladlarına nə yolla olursa-olsun, ali təhsil verməyə çalışır. Övladı aşağı bal yığsa da, bəzi valideynlər: "Təki bir yerə ilişsin, bitirsin, sonrası asandır" düşüncəsindədirlər. Diploma cehiz aksessuarı, yaxud oğlanlar üçün prestij mənbəyi kimi baxanlar da var. Nəticədə hər il minlərlə gənc universitetləri bitirib, gəlir və iş əvəzinə "işsizliyə qəbul olunur".

Dünyanın ən inkişaf etmiş, sürətlə gəlişən ölkələrində heç də belə deyil. Ali məktəb oxumağa kifayət qədər biliyi çatmayan, ailəsinin imkanları məhdud olan gənclər peşə təhsilinə də yönəlirlər. Məsələn, ABŞ-da avtomobil təmiri ustaları heç də həkimdən, hakimdən, vəkildən pis dolanmır. Öz sənətinin əsl sənətkarı olanlar istər Amerikada, Kanadada, istər Avropa İttifaqı ölkələrində sənət sahibi olanları əl üstündə tutur cəmiyyət. Amma biz hələ də "diplom xəstəliyi" ilə vuruşuruq. Hətta bəzilərimiz heç "vuruşmadan" - soruşub-sorğulamadan təslim olur bu "diplomaniya" sindromuna. O xalqlar irəli gedə bilir ki, onlar özləri ilə, öz əqli və fiziki imkanları ilə barışıqdır. Bizdə isə insanların bir çoxu nəinki özü ilə, hətta öz üzü ilə barışmaq istəmir. Hər kəs (yaxud, demək olar hər kəs) öz boyundan yuxarıya tullanmaq istəyir. Fərdlər bir-biri ilə bəhsə girir: "Qonşudan qalma dala" deyir. Amma tarixin və talenin ironiyasına baxın: millət olaraq "qonşudan dala" qalırıq...

Seyid Əhmədli, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
bizimyol.info

1Sources