EN

Prezident İlham Əliyev: Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik

Hesab edirəm ki, İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

"İlk növbədə, sizin Suriyaya təbii qazın təchizi ilə bağlı qeydlərinizə toxunmaq istərdim. Bilirsiniz ki, Prezident Əsədin hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi. Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur. Azərbaycan İslam həmrəyliyi prinsiplərinə yüksək dəyər verən ölkədir. Beləliklə, Azərbaycana qarşı Ermənistanla - məscidləri dağıdan, orada donuz və inək saxlayan ölkə ilə eyni cərgədə olmaq bizim üçün qəbuledilməz idi. Hər iki tərəf - Prezident Əsədin komandası və bizim komanda 10 ildən çox müddət ərzində bütün əlaqələri kəsdi. Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb. Sonra da elektrik enerjisi qıtlığı məsələsi diqqətimizə çatdırıldı və biz də necə yardımçı ola biləcəyimiz haqqında düşünməyə başladıq."

Prezident İlham Əliyev vurğulayıb ki, bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu.

"Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun. Yeri gəlmişkən, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz təxminən 100, 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək", - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.

Chosen
31
14
turkic.world

10Sources