EN

Xəstənin ölümündə günahlandırılan həkim yenidən azadlığa buraxıldı

Ali Məhkəmədə səhlənkarlıqda və rüşvət almada tərqsirlədirilən Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Azad Hüseynzadənin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilib və ona şərti cəza verilib. Azad Hüseynzadə azad olunub.


Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin olunmamışdı. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 311.3.2-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmişdi.


Belə ki, Azad Hüseynzadənin əməli CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 (dələduzluq) və 178.2.3- cü maddələrinə tövsif edilmiş və o, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmişdi. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdi. Azad Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad olunmuşdu. Ali Məhkəmə isə kassasiya protestinə əsasən ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara almışdı. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Azad Hüseynzadə 3 il 1 ay 20 gün müddətə azadlıqdan məhrum edilmişdi.


Qeyd: Rəsmi məlumata əsasən, Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azad Hüseynzadə CM-nin 314.2 ( səhlənkarlıq-eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma- təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
 

Kamal Məmmədov 

Tarix: 27 Avqust 2025, 08:21   
Chosen
26
6
pravda.az

7Sources