EN

"İnsan yaşadığı müddətdə mənalı, kişi kimi yaşamalıdır" - Mirsəyyaf Zamanlı

Bu gün kəlbəcərli tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şəhid atası, Əməkdar müəllim Mirsəyyaf Zamanlının doğum günüdür.

Redaktor.Az Mirsəyyaf Zamanlı ilə müsahibəni təqdim edir:

- Mirsəyyaf müəllim, öncə sizin həyat fəaliyyətiniz haqqında məlumat almaq istərdik.

- Mən 26 avqust 1949-cu ildə Kəlbəcərdə anadan olmuşam. İnsan anadan doğulanda iki formada doğulur. Biri doğulanda həyata sakit düşür. Eləsi də var, qışqıra-qışqıra düşür. O qışqırıb ağlayanlar həyatın əzabını duyur, ona görə ağlayır. Amma anadan sakit olanlar, həyatda xoşbəxt olacağını duyur, ona görə sakit olurlar. Yəqin mən ağlamışam, çox ağlamışam...

Daha sonra deyə bilərəm ki, mən Gəncə Dövlət Universitetini fərqlənmə ilə bitirmişəm, bir neçə il müəllim işləmişəm, sonra dövlət işində çalışmışam. Hal-hazırda təqaüddəyəm. Həyat davam edir. Allah nə qədər ömür verəcək, bilmirəm. Amma insan yaşadığı müddətdə mənalı, kişi kimi yaşamalıdır. Heç kimə yaltaqlanmadan, heç kimə əyilmədən. Mən özüm bu prinsiplərə əməl etmişəm. Heç kimə yaltaqlanmamışam, var-dövlət üçün heç kimə boyun əyməmişəm. Ola bilsin, ac vaxtım tox vaxtımdan çox olub, amma heç kim aclığımı hiss etməyib. Dostlarım var, amma dost çox olmur, bir-iki nəfər olur. Təəssüf ki, qadın dostum olmayıb. Çünki qadın dünyasını kəşf etmək çətindir, yəqin ki, buna mənim fərasətim çatmayıb. Həyat da belədir, hər kəsin öz qisməti var. Amma mənalı yaşamaq odur ki, heç kimə əyilməyəsən, yaltaqlıq etməyəsən, var-dövlət üçün kiməsə boyun əyməyəsən.

- Ümumiyyətlə, indiyə qədərki həyatınızı necə dəyərləndirirsiniz?

- Həyatdır da, necə dəyərləndirim? Kiminə yaxşıdır, kiminə pisdir. Mən azad, öz fikrimlə yaşamışam. Amma çox da zəhmət çəkmişəm, əziyyətim çox olub. Ata-ana itirmişəm, oğul itirmişəm. Allah hər birinə rəhmət eləsin. Mənim üçün ən ağır iş odur ki, oğul itirmişəm. Elə ata-ana da ağırdır, o da böyük itkidir. Amma övladn itkisi daha ağırdır.

Mənim özümün hörmətim var. Hamı məni Mirsəyyaf kimi tanıyır. Bilirlər ki, real adamam, yaltaq deyiləm, kiməsə boyun əymirəm, əyməmişəm, vardan, dövlətdən, vəzifədən ötrü kiməsə minnətim olmayıb.

- Artıq Kəlbəcərə köç başlayıb. Ora sakinlər yerləşdirilib, yaşayış bərpa olunub. Bir kəlbəcərli olaraq bununla bağlı fikirlərinizi bilmək istərdim. Bundan sonrakı həyatınızı orada davam etdirmək istəyərsinizmi?

- Artıq 30 ildən çoxdur ki, qaçqın kimi yaşayırdıq. Mən indi hər il gedib o yerləri ziyarət edirəm, daşlara baxıram, yazıram, sonra qayıdıram. Həyat hələlik belə davam edir. Bu gün də istəyim odur ki, Kəlbəcərdə yaşayım. Hətta ev olmasa da, bir qayanın qoltuğunda gedib yaşasam, bu mənim üçün kifayətdir. Mən Kəlbəcərin adi bir qayasını, qayanın qoltuğunu, dünyanın ən böyük villalarına, saraylarına dəyişmərəm. İndi Kəlbəcərə qayıdış başlayıb, yəqin ki, mərhələli şəkildə olacaq. Hələ bizə növbə çatmayıb. Kəndlər hələ bərpa olunmayıb, ancaq şəhərdə bəzi binalar tikilib. Görək, sonu necə olacaq. Mən arzu edirəm ki, bundan sonrakı həyatımı, doğum günlərimi məhz Kəlbəcərdə yaşayaraq keçirim.

Xədicə BAXIŞLI

Chosen
8
3
hurriyyet.az

4Sources