Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynada müharibə səbəbindən ABŞ lideri Donald Trampın Rusiyaya qarşı "səbrinin tükənəcəyinə" ümid edir.
“Report” “Yle”yə istinadən xəbər verir ki, bu barədə Stubb Helsinkidə keçirilən mətbuat konfransında bildirib.
Ukrayna ilə bağlı sülh danışıqlarının gedişatı barədə suala cavab verən Stubb bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səbrinin tükənəcəyinə ümid edir.
"Biz davamlı sülhə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Ukraynanın öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyünü mümkün qədər qoruması üçün əlimizdən gələni edəcəyik", - o əlavə edib.
A.Stubbun fikrincə, Rusiya Prezidenti Vladimir Putini sülh imzalamağa yalnız rəsmi Moskva ilə ticarəti davam etdirən və ya Rusiyanın hərbi sənayesinə kömək edən ölkələrə rüsumlar tətbiq etməklə məcbur etmək olar.
"Putini sülh bağlamağa inandıra biləcək yeganə şəxslər, çox güman ki, Qərbdə deyil, Şərqdədir", - Finlandiya Prezidenti əlavə edib.
Məlumata görə, avqustun 25-də A.Stubb bildirib ki, Putinin Ukrayna ilə bağlı tələbləri Rusiyanın tipik danışıqlar taktikasıdır və praktiki baxımdan yerinə yetirilə bilməz.