ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın media məkanında baş təbliğatçılardan biri olan Vladimir Solovyov növbəti sərsəm bəyanatla çıxış edib. O, aparıcısı olduğu televiziya proqramında rusiyalı politoloq Sergey Markovun guya xarici kəşfiyyatla əlaqəli olduğunu iddia edərək onun həbs edilməli olduğunu bildirib. Solovyov Markovun adını çəkməsə də, onu dolayısı ilə "Azərbaycanın agenti" adlandırmaqla bir daha Azərbaycanı hədəf alıb. Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən bütün "xarici təsir agentləri" zərərsizləşdirilməlidir. Vladimir Solovyovun bundan əvvəl də dəfələrlə Kremlin sifarişi ilə çirkin ağzını ölkəmiz əleyhinə açıb çərənlədiyini nəzərə alsaq, onun bu çıxışının da növbəti təbliğat təzahürü olduğunu deyə bilərik.
Onun Sergey Markovu "Azərbaycan agenti" kimi təqdim etməsi isə nəinki sübutlardan uzaq, hətta açıq-aşkar məsuliyyətsiz bir ittihamdır. Ən əsası isə onun Markov üzərindən yenə də bəhanə tapıb Azərbaycanı hədəf alması ölkəmizə qarşı sistemli qərəzin davamıdır.
Siyasi ritorikasında sərsəm və populist çıxışları ilə tanınan Solovyov bu dəfə də arqumentsiz ittihamlarla qonşu dövlətləri gözdən salmağa çalışsa da, əslində, özünü və ölkəsini ifşa edir. Çünki bununla Rusiyada fikir müxtəlifliyinə olan dözümsüzlüyü və medianın siyasi alətə çevrilməsini göstərir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Tofiq Abbasov hesab edir ki, Solovyov, onun həmfikiri Yevgeni Satanovski, Sergey Karnauxov və bir neçə onların ətrafında olan digərləri var ki, açıq-aşkar islamofob, türkofob mövqe nümayiş etdirirlər:

"Həm də bunların beynəlxalq sağçı, millətçi və dini radikallarla əlaqələri var. Onlar islam dini və türk dünyası ilə müharibə vəziyyətindədirlər və düşmənçiliklərini də gizlətmirlər. Biz dəfələrlə Rusiyanın dövlət kanallarının efirlərində bunun şahidi olmuşuq ki, onlar subyektiv mövqedən çıxış edərək, hətta çalışırdılar ki, Rusiya dövlətinin maraqları ilə alver etsinlər, Türkiyə, Azərbaycan və digər islam və türk dövlətləri ilə münasibətləri gərginləşdirsinlər. Bu, açıq-aşkar görünən bir trend idi və indiyə qədər də öz qüvvəsini saxlayır. Mən burada günahı daha çox Rusiya dövlət kanallarını nəzarətdə saxlayan qurumlarda görürəm. Çünki bu, onların səhvidir. Gərək belə özbaşına, hədyan siyasətin efirdə təbliğinə imkan verməsinlər. Görünür, Solovyov korporativ şəkildə belə bir mövqe qazanıb ki, istədiyini edir, özbaşınalığa yol verir. Amma əlbəttə ki, bunun axırı yaxşı olmayacaq".
"Sergey Markov isə özünəməxsus intellektual bir insandır. O, Azərbaycanla dostluq münasibətlərini gizlətmirdi, çünki burada qəbahət də yoxdur. Sadəcə, Solovyov özü muzdlu olduğundan çalışır ki, günahını ört-basdır edib bütün məsuliyyətsizliyini Markov kimi şəxslərin üzərinə atsın. Bu isə sözün əsl mənasında ideoloji təxribatdır. Düzdür, Rusiya orqanları Markovu xarici agent elan ediblər, guya o, başqa dövlətin maraqlarını Rusiya daxilində müdafiə edir, amma Solovyov gərək belə məsələlərin hamısında sussun. Çünki vaxtilə o, İrana dair də çox təhqiramiz ibarələr işlədir, ayətullahların rejimini pisləyirdi. Sonra ona qulaqburması verdilər və birdən başladı İranı tərifləməyə. Halbuki onun qəlbində İrana qarşı olan nifrət sionizm nifrəti ilə bilavasitə əlaqəli idi. Satanovski də bu məramda idi. Bunların ikisinə də, xüsusilə Mariya Zaxarova qulaqburması verdi. Satanovskini isə ümumiyyətlə efirlərdən uzaqlaşdırdırlar. Amma ekspert kimi onlar fəaliyyətlərini davam etdirirlər və baxışları da dəyişməyib", - ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu təbliğat bütün təfərrüatı ilə bizə çoxdan məlumdur:
"Yəni Solovyovlar Azərbaycan dövlətinin, Türkiyənin, islam dünyasının düşmənləridir. Onlar öz mövqelərindən sui-istifadə edərək Rusiya dövlətinin televiziya kanallarını, demək olar ki, kooperativ platformalarına çeviriblər. Bu isə yolverilməzdir və Rusiya dövləti gərək bu məsələlərlə bağlı birinci öz xalqına hesabat versin ki, niyə belə bir biabırçılıq bu ölkədə yer alır? Əgər həqiqətən də, Rusiya yüksək səviyyədə Azərbaycanla münasibətlərini qoruyub-saxlamaq istəyirsə, gərək jurnalist adını daşıyan idbar şəxslərə imkanlar verməsin ki, onlar insanların ovqatını təlx etsinlər və insanlar arasında, xalqlar arasında nifaq salsınlar. Amma onlar bunu edirlər və bunun qarşısı alınmalıdır", - deyə ekspert fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.