EN

Erkən nikahın qızlara psixoloji və sosial təsirləri: Problemlər və həll yollları RƏYLƏR

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Erkən nikah günümüzdə hələ də ciddi sosial və psixoloji problemlər yaradan bir məsələdir.

Bu vəziyyət qızların təhsil və karyera imkanlarını məhdudlaşdırmaqla yanaşı, onların psixoloji durumuna da mənfi təsir göstərir.

Belə evliliklər gənc qızların şəxsi inkişafına mane olur. Eyni zamanda, onların gələcək həyat keyfiyyətini də aşağı salır.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan psixoloq Vüsalə Əmiraslanova erkən nikahın psixoloji təsirlərini izah edib:

“Qızların əksəriyyəti son vaxtlar oxumaq, karyera qurmaq adına çox uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, hələ də erkən nikah qurbanı olan qızlarımız da var.

Bəzən universitetin ilk ilində, yaxud da abituriyentlik dönəmində universitetə qəbul ola bilməyən, daha çox regionlarda yaşayan qızlarımız ailə qurmağa məcbur edilirlər. Bu isə onların depressiyasının artmasına səbəb olur.

Bəzən sözlərini deyə bilmirlər, bəzən də desələr belə, onları eşidən olmur.Təkcə depressiya deyil, özünə qapanma, aqressiya da müşahidə olunur”.

Psixoloqun sözlərinə əsasən erkən nikah zamanı həm qızlara həm də oğlanlara həssas yanaşmaq lazımdır:

“Son illərdə, düzdür, erkən nikahların sayı azalıb, lakin daha çox bölgələrdən müraciətlərin sayı çoxdur. Yəni əvvəlki qədər olmasa da, yenə də bölgələrdə oxuyan qızlarımızın sayında artımı görürük.

 

İntihar səbəbi isə çox vaxt yalnız erkən nikah olmur. Bəzən istədiyi insana verilməmək də buna səbəb ola bilər. Məsələn, “Mən istədiyim insana qovuşmadımsa, intihar edim” düşüncəsi yaranır. Bəzən isə psixi durumunda ciddi problemlər olan gənclər intihara əl atır. Ona görə biz təkcə erkən nikahların intihara gətirib çıxardığını demirik. Ümumiyyətlə, yeniyetməlik dövrü çox ehtiyatlı yanaşılmalı olan bir dövrdür.

 

Bu dövrdə qızlar emosional, oğlanlar isə aqressiv olur. Ona görə də həm qıza, həm oğlana çox həssas yanaşmaq lazımdır ki, nə özünə qapanma olsun, nə aşırı aqressiya, nə də intihar halları baş versin”.

Gununsesi.info-ya danışan “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova isə mövzunu belə şərh etdi:

“İlk növbədə gəlin, ümumiyyətlə, “erkən evlilik” ifadəsini özümüzdə araşdıraq görək, bu ifadənin mənası nə deməkdir? Mənası ona gəlib çıxır ki, bu ifadə “uşaq evliliyi” ifadəsi ilə əvəz olunsa, daha yaxşı olar. Çünki bilirsiniz ki, Azərbaycan qanunvericiliyinə görə 0–18 yaş arası “uşaq yaşı” hesab olunur. Əgər qız və ya oğlan 18 yaşına qədər nişana və ya nigaha məcbur edilirsə, demək, artıq burada uşaq hüquqlarının pozulmasından söhbət gedir.

 

Təbii ki, bir uşağı buna kim məcbur edə bilər? Daha doğrusu, eyni zamanda kim təşviq edə bilər? İlk növbədə, təbii ki, onun valideynləri. Və əgər bu məsələnin kökünü axtarmağa çalışsaq ki, nəyə görə valideynlər belə bir addım ataraq övladlarını məcbur edirlər, ilk ağlımıza gələn səbəb, nədənsə, həmişə maddi problemlər olur. Düzdür, hər bir baş verən hadisənin kökündə mütləq bir səbəb var və yaxud da olmalıdır”.

 

Sosioloqun fikrincə erkən nikahın kökündə ailədaxili zorakılıq, qısqanclıq və maddi problem ola bilər:

 

“Maddi problemlər olan ailələrdə isə, bilirsiniz ki, həddindən artıq zorakılıq halları baş verir. Bu, ailədaxili zorakılıq ola bilər, yaxud da kənardan müdaxilə ilə bağlı zorakılıq ola bilər və s. Əsasən, erkən evliliklərin baş verməsinin birinci səbəbi kimi maddi çətinlikləri göstərə bilərik. Amma bunun digər mühüm səbəbi də ailədaxili münaqişələrdir. Yəni məişət zorakılıqları, ailə daxilində baş verən gərginliklər. Burada həm maddi problemlər, eyni zamanda digər amillər də rol oynaya bilər.

 

Məsələn, ailənin başçısı olan ata qısqanclıqdan övladını təhsildən yayındırmağa çalışır və fikirləşir ki, qız uşağı böyüdükcə gələcəkdə ona problem yarada bilər. Əlbəttə ki, valideynlərin fikrinə görə qızların problem yaratma riski oğlanlara nisbətən daha çoxdur. Mən belə düşünmürəm, amma bəzi valideynlər belə fikirləşirlər. Onların yanaşmasına görə, sanki qız yükdür, məsuliyyətdir və tez ərə verilməklə bu yükdən qurtulmaq olar. Halbuki bu, belə deyil.

 

Əslində, qız uşaqları oğlanlara nisbətən bioloji və fiziki baxımdan daha tez inkişaf edirlər. Mən bunu cinslərə ayırmaq istəməzdim, amma bu, tibbi faktdır. Həkimlər də deyirlər ki, qızlar sanki daha tez böyüyürlər. Ona görə də bəzən deyirlər ki, “filankəsin qızı necə böyüyüb, necə tez gözə gəlib”. Bu kimi xoşagəlməz ifadələri də tez-tez eşidirik.

 

Amma müasir dövr bizə başqa şeylər diktə edir. Biz artıq insan hüquqlarının qorunması, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq prinsiplərə əməl etməliyik. Biz bu dünyada tək yaşamırıq. Dünyada 200-ə yaxın dövlət, millət, ölkə var. Biz də çalışmalıyıq ki, ölkəmizi inkişaf etdirək, təhsilimiz yüksək səviyyədə olsun, mədəniyyətimiz inkişaf etsin və digər ölkələrdən geri qalmayaq. Bu, hər sahədə özünü göstərməlidir.

 

İnsan hüquqları ilə bağlı ölkəmizdə çox işlər görülür. Bu işlərin də görülməsi vətəndaşlarımızın hüquqlarının qorunmasına xidmət edir”.

Nailə İsmayılova vurğulayıb ki, cəmiyyət artıq stereotiplərdən uzaqlaşmalıdır:

“  “Qız böyüdü, mütləq ərə verilməlidir” kimi düşüncələr köhnəlib. Biz müasir texnologiyaların ən yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Cılız, uşaqların hüquqlarına zidd olan məsələlərdən uzaq durmalıyıq.

 

Artıq İyul ayının 1-dən ölkədə qərar qəbul olundu. Bu qərarlara əsasən, kim erkən nikaha qızı məcbur edirsə, həmin valideynlərə qarşı sərt cəzalar tətbiq olunacaq. Eyni zamanda, qız qaçırılma halları da cinayət hesab olunur. Əgər belə hallar azyaşlılara qarşı baş verərsə, qanunda nəzərdə tutulmuş cəza tədbirləri mütləq tətbiq olunacaq.

 

Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Azərbaycan Konstitusiyasına görə, ailə dövlətin himayəsindədir, uşaqlar da dövlətə məxsusdur. Amma bəzən valideynlər uşaqlara öz mülkiyyətləri kimi yanaşırlar. Halbuki bu, həm qanunlara, həm də Azərbaycan Respublikasının ratifikasiya etdiyi BMT Uşaq Hüquqları Konvensiyasına ziddir. 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanunda da açıq şəkildə təsbit olunur ki, uşağın mənafeyi hər şeydən üstündür”.

Sosioloqun sözlərinə əsasən valideynlər uşaqlara əşya kimi deyil, şəxsiyyət kimi yanaşmalıdır:

“Çünki hər bir uşaq gələcəyin böyük şəxsiyyətinə çevrilə bilər. Bu baxımdan cəmiyyət olaraq hamımız diqqətli olmalıyıq. “Mənim uşağım deyil, qonşunun uşağıdır” yanaşması düzgün deyil. Əgər uşaq dövlətə məxsusdursa, biz də o dövlətin vətəndaşları olaraq onların müdafiəsində dayanmalıyıq

Qeyri hökümət təşkilatı  olaraq biz də maarifləndirmə işləri apararkən dövlətə dəstək olmağa çalışırıq. İnsanlarımızı marifləndiririk ki, cılız düşüncələrlə deyil, geniş prizmadan dünyaya baxsınlar.

Sosial şəbəkələrdə uşaqların üzünün göstərilməsi də həm Azərbaycan qanunvericiliyinə, həm də Beynəlxalq Konvensiyalara görə qadağandır. Valideynlər bu məsələdə də həssas olmalıdırlar.

Uşaqlar həssas qrup hesab olunur və onlara qarşı münasibət daha diqqətli olmalıdır. Bəzən böyüklər etdikləri hər bir əməli doğru hesab edirlər. Amma bu, belə deyil. Uşaqları dinləmək, onların dediklərini nəzərə almaq vacibdir. Onlara qulaq asmaq, hətta dediklərini araşdırmaq və məntiqli nəticə çıxarmaq valideynlərin əsas vəzifəsi olmalıdır

Gələcəkdə erkən nikaha məruz qalmış qızlar əvvəlcə öz ailəsi daxilində problemlər yaşayır. Daha sonra isə ərə verildikdən, yəni erkən nikaha məcbur edildikdən sonra getdiyi ailədə məişət zorakılığına məruz qalır. Bu məişət zorakılığının baş verməsi onun bioloji və mənəvi cəhətdən inkişafında problemlər yaradır.

 

Çünki hesab edin ki, azyaşlı bir qızdan nə tələb etmək olar? O hələ uşaqdır, hələ həyatı dərk etmir, gözünü dünyaya yenicə açıb. O heç nə anlamır, ona deyilən məsələləri analiz edə bilmir. Bu zaman həmin ailədə problemlər başlayır və ona qarşı məişət zorakılığı törədilir.

Nailə İsmayılova qeyd edib ki, məişət zorakılığına məruz qalan və erkən nikaha məcbur edilən qızlar bir gün həmin evdən qaçmağa məcbur olur, bu isə insan alverinin artmasına səbəb olur:  

 

“Bu da çox dəhşətli bir vəziyyətdir.Özünüz bilirsiniz ki, insan alverinə qarşı hazırda ölkədə xüsusi qurumlar fəaliyyət göstərir. Bununla Daxili İşlər Nazirliyinin tabeçiliyində olan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi məşğul olur. Eyni zamanda, qeyri-hökumət təşkilatlarından ibarət olan İnsan Alverinə Qarşı Mübarizə Koalisiyası da fəaliyyət göstərir.

Biz də həmin koalisiyanın üzvüyük. İnsan alverinin qurbanına çevrilən bu qızları xilas etmək isə çox böyük çətinliklərlə müşayiət olunur.

Ona görə də valideynlər bu məsələni çox ciddi qəbul etməli və başa düşməlidirlər ki, onlar öz əlləri ilə övladlarını bədbəxt etmiş olurlar. Onlar qızlarını həm təhsildən yayındırırlar, həm də həyatlarını əllərindən alırlar. Bununla yanaşı, həm qız, həm də valideynlər özləri böyük problemlərlə üz-üzə qalırlar.

Nəticədə bu problemin həlli dövlət üçün də çox böyük sosial yükə çevrilir. Buna görə də hər bir valideyn övladını dünyaya gətirməmişdən öncə onun məsuliyyətini dərk etməli, dünyaya gətirdikdən sonra isə valideynlik vəzifə və öhdəliklərini yerinə yetirməlidir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
icma.az

1Sources