EN

Laçın şəhəri gününün təsis edilməsi:Azərbaycanın Zəfərinin daha bir təntənəsi

Bu gün Azərbaycan tarixində mühüm və əlamətdar bir hadisədir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən 26 avqust Laçın şəhəri günü elan edildi. Bu qərar 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təcəssümü, xalqımızın birliyinin və mübarizə əzminin rəmzi kimi dəyərləndirilir.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Laçın şəhəri gününün təsis edilməsi milli yaddaşın möhkəmləndirilməsi, gələcək nəsillərə qürurverici bir tarix miras qoyulması baxımından mühüm addımdır:

“Laçın Azərbaycanın dilbər guşələrindən biridir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində 28 il işğal altında qalan Laçın azadlığa qovuşdu və minlərlə laçınlının uzun illər çəkdiyi yurd-yuva həsrəti sona çatdı. Bu böyük qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində mümkün oldu”.

Deputat bildirib ki, Laçının işğaldan azad olunması təkcə bir rayonun qaytarılması deyil, həm də ölkənin suverenliyi və ərazi bütövlüyünün tam bərpası baxımından strateji əhəmiyyət daşıyır:

“Laçının azad edilməsi ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri tam bərpa olundu. Bu hadisə Azərbaycan tarixində əbədi qalacaq, çünki bu gün dövlətimizin gücünü, ordumuzun qüdrətini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir”.

Afət Həsənova vurğulayıb ki, bu gün Laçın yeni həyatına qovuşur:

“Laçın dirçəlir, müasir infrastruktur layihələri həyata keçirilir, yeni evlər, məktəblər, yollar tikilir. Ən önəmlisi isə laçınlıların öz doğma yurdlarına qayıdışı təmin edilir. Bu həm insanlarımızın həyatında, həm də Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcıdır”.

Deputatın sözlərinə görə, 26 avqustun Laçın şəhəri günü kimi qeyd edilməsi həm də xalqımızın gələcəyə inamını daha da gücləndirir:

“Bu gün biz təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın suverenliyinin, azadlığının və müstəqilliyinin təntənəsini bayram edirik”.

Chosen
7
1
redaktor.az

2Sources