EN

Azərbaycan və Böyük Britaniya Londonda konsulluq xidmətləri ilə bağlı məsləhətləşmələr keçirəcək

Azərbaycan və Böyük Britaniya arasında konsulluq əməkdaşlığına dair məsləhətləşmələrin növbəti raundunun bu ilin sonunadək Londonda keçirilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti bildirib.

Onun sözlərinə görə, Bakı və London arasında konsulluq əməkdaşlığı iki ölkə xalqları arasında əlaqələrin möhkəmlənməsi ilə paralel inkişaf edir. Ölkələr arasında uğurla inkişaf edən əməkdaşlığa toxunan Dauti təhlükəsizlik sahəsində əməkdaşlığın daha bir mühüm dayaq olduğunu xüsusi vurğulayıb.

"Mürəkkəb təhdidlər dünyasında müdafiə, kibertəhlükəsizlik, narkotiklərə qarşı mübarizə və regional sabitlik sahəsində əməkdaşlığımız heç vaxt olmadığı qədər vacibdir. Son gərginlik zamanı (İsrail və İran arasında - red.) Britaniya vətəndaşlarına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm - köməyinizi yüksək qiymətləndiririk", - dövlət naziri qeyd edib.

Dauti həmçinin hesab edir ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması regionun gələcək inkişafı üçün vacibdir. "Azərbaycanı Vaşinqtonda (8 avqust - red.) sülh istiqamətində atdığı cəsarətli addımlar münasibətilə təbrik edirəm. Bu, daha sabit və firavan Cənubi Qafqaz üçün real ümid anıdır və Böyük Britaniya bu ümidin uzunmüddətli reallığa çevrilməsində Azərbaycana dəstək verməyə hazırdır".

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Dautini qəbul edib. Bundan başqa, britaniyalı nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, eləcə də XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundunda iştirak edib.

Chosen
13
2
operativmm.az

3Sources