EN

Böyük Qayıdışın və dirçəlişin nəfəsi

Laçın bir şəhərin, şərti dövlət sınırı boyunca yerləşən bir el-obanın adıdır. Üç onillik boyunca kədərin, şübhənin və bəkirsizliyin adıydı Laçın. İndi Laçın adı bir yaddaş, qürur, dərs və inam simvoludur. Dağların qoynunda sanki qanad açmış bu şəhər, illərlə işğalın qara kölgəsi altında qalsa da, yenidən azadlığa qovuşaraq Azərbaycanın dirənişini, əzmini, iradəsini təcəssüm etdirir.

1992-ci ilin 18 mayı… Bu tarix Laçının sinəsinə dağ basdı. Düşmən işğalı təkcə evləri, küçələri, abidələri yox, həm də insanların taleyini oda verdi. 300-dən artıq insan həlak oldu, yüzlərlə mədəniyyət, təhsil, səhiyyə ocağı yerlə-yeksan edildi. Dünya dilsiz qaldı, amma Laçının dağları susmadı, susmadı – olanları yaddaşına, olmalıları ümidinə yazdı.

Nəhayət vaxt gəldi - vədə yetişdi: Azərbaycan güc topladı, haqqın səsinə güvəndi. 44 günlük Vətən müharibəsi bu dağların səsini, sözünü, özünü və qaynar bulaqların korlaşmaqda olan gözünü azadlığa qovuşdurdu. 2020-ci ilin son ayının ilk günündə Laçın rayonu, 2022-ci ilin səkkizinci ayında isə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən Azərbaycanın bayrağı altında dərin bir nəfəs aldı. Bu dönüş, qürbətdə qalan laçınlıların qəlbinə sevinc bəxş etdi, düşmənin yalan tarixlərinə isə son qoydu.

Bu gün Laçın yeni nəfəs alır. Güllələnmiş divarların yerində çağdaş evlər boylanır, xarabalıqların yerində parklar, məktəblər, fabriklər tikilir. Hava limanı, hidroelektrik stansiyalar, sənaye zonaları, turizm mərkəzləri – bunlar Laçını təkcə bərpa etmir, həm də gələcəyə aparır. Prezident İlham Əliyevin dediyi kimi: “Əgər cənnətin təsviri varsa, bu gün bax, budur”.

Ən böyük sevinc isə odur ki, laçınlılar artıq doğma torpaqlarına dönür. Üç onillik həsrətdən sonra uşaqlar yenidən məktəb yolundadır, evlərin bacasından tüstü qalxır, həyətlərdə yenidən çiçəklər açır. Mina-tələlər yerində uşaqlar üçün oyuncaqlar qoyulur… Bu qayıdış Laçınla birgə, bütövlükdə Azərbaycanın ruhuna dirilik gətirir.

Laçın şəhəri artıq bir mədəniyyət ocağıdır.

Laçın – qürurun rəmzi, ümidin inama çevrildiyi yer və daha gözəl sabahların nəğməsidir.

İllərin ağrısı indi dirçəlişin sevinci, dağıntılar isə quruculuq möcüzəsi ilə əvəzlənib. Bu gün Laçına baxan hər kəs Azərbaycanın gələcəyini görür.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Chosen
21
1
herbiand.az

2Sources