EN

Milli Məclisin deputatı: Laçın günümüz mübarək olsun!

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu günlər millətimizin sarsılmaz iradəsini, Vətən sevgisini, mübarizə əzmini və qəhrəmanlıq ruhunu təcəssüm etdirir. Həmin günlərdən biri də 26 avqust – Laçın Şəhəri Günüdür.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Laçın səfalı yaylaqları, zəngin tarixi, milli-mədəni irsi ilə Azərbaycan xalqının incilərindən biridir: “Xatırlayırsınızsa, 1992–1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi nəticəsində Azərbaycanın həm dövlət suverenliyi, həm də ərazi bütövlüyü təhlükə altına düşmüşdü. Bu səriştəsiz siyasətin davamı olaraq, əsrlər boyu igidlik dastanları ilə yadda qalan Laçın rayonu 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu müqəddəs diyarın işğalı isə Azərbaycan üçün təkcə hərbi-siyasi yox, həm də mənəvi və strateji məğlubiyyət idi. Həmin dövrün rəhbərliyi xalqı müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutdular. On minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. İşğal dövründə Ermənistan tərəfi də Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul oldu, soyqırımları, bir çox digər hərbi cinayətlər törətdilər. Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi”.

S.Salmanova bildirib ki, işğal dövründə laçınlılar heç vaxt doğma yurdlarına qayıtmaq ümidini itirmədilər: “Onlar illərlə “bir gün mütləq qayıdacağıq” inamı ilə yaşadılar. Bu ümid Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində reallığa çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata uyğun olaraq, 1 dekabr 2020-ci ildə Laçın rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən işğaldan azad edildi. Bu hadisə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə parlaq qələbəsinin təzahürü oldu”.

Parlamentari qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır: “Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Bu gün Laçın da daxil olmaqla, işğaldan azad edilmiş digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Bütün bunlar dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir”.

“Bu gün biz şəhidlərimizi sonsuz hörmətlə anır, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti ilə qürur duyuruq. Hesab edirəm ki, Laçın Şəhəri Günü həm də gələcəyə inamın, milli birliyin, dövlət-xalq həmrəyliyinin təntənəsidir. Laçın günümüz mübarək olsun!”, - deputat söyləyib.

Chosen
37
4
ikisahil.az

5Sources