2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinə avqustun 26-dan etibarən start verilib. Bu mərhələ boş qalan plan yerləri üzrə həyata keçirilir və sənəd qəbulu sentyabrın 2-si saat 18:00-dək davam edəcək.
Bakues.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, namizədlər müraciətlərini www.portal.edu.az platforması üzərindən elektron qaydada təqdim edə bilərlər. Müsabiqədə ümumi və ya tam orta təhsil səviyyəsini bitirən şəxslər iştirak edə bilərlər.
II mərhələdə iştirak hüququ aşağıdakı şəxslərə şamil olunur:
– I mərhələdə uğurlu nəticə əldə etməyənlər;
– I mərhələdə iştirak etməyən yeni müraciətçilər.
Qəbul prosesi aşağıdakı meyarlara əsasən aparılır:
– İlk peşə və texniki peşə təhsili səviyyələri üzrə namizədin attestatında göstərilən müvafiq fənlər üzrə orta qiymət balı;
– Yüksək texniki peşə təhsili səviyyəsi üzrə buraxılış imtahanlarının və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri.
Namizədlərə 5 ixtisas üzrə seçim etmək imkanı verilir. Müsabiqədən uğurla keçənlər sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində aparılıb. Bu mərhələdə 78 peşə təhsili müəssisəsi üzrə 152 ixtisas üçün ümumilikdə 32 620 plan yeri ayrılmışdı. Onlardan 17 540 nəfər sənədlərini qəbul olunduqları müəssisəyə təqdim edib.