EN

Ermənistan hərbi xərclərini azaldır, biz də... ŞƏRH

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müharibə ehtimalı azalacağı təqdirdə Azərbaycan da hərbi xərclərini azaldıb, həmin maliyyəni sosial layihələrə yönləndirə bilər

Ermənistan parlamenti ölkənin təhlükəsizlik siyasətində köklü dəyişikliyə səbəb olacaq 2026-cı il büdcə layihəsini təqdim edib. Hakimiyyət müdafiə xərclərini artırmaq  əvəzinə, əhəmiyyətli azalma elan edib. Bu barədə “Kavkazar”ın məlumatında qeyd olunub. “Kavkazar” yazır ki, ötən il Ermənistan Hindistan və Fransadan silahlar alıb. Bu il də eyni prosesi davam etdirməsi gözlənilirdi. Lakin Vaşinqtonda əldə olunan razılaşmalardan sonra geri addım atıldı, qərar qəfil dəyişdi.

Azərbaycan isə hərbi potensialını gücləndirməyə davam edir. Paralel olaraq Rusiyanın Gümrüdə yerləşən 102-ci bazasının nüfuzdan salınması üçün kampaniya aparılır, ölkədən çıxarılması üçün çağırışlar edilir. Məlumata görə, İrəvanın müdafiə xərcləri ilə bağlı qərarı məhz Vaşinqton razılaşmasının nəticəsidir. Çünki Ermənistan Azərbaycan qarşısında öhdəlik götürüb. Beləliklə, Ermənistan Türkiyə və Azərbaycanla əməkdaşlıq, regional və beynəlxalq tranzit layihələrində iştirak üçün müdafiə mexanizmlərini qurban verir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərə müsahibəsində bildirib ki, Ermənistan 2026-cı ildə hərbi büdcəsini artırmaq niyyətində deyil: “Ola bilsin ki, 2026-cı ilin büdcəsində əhəmiyyətli xərc artımı və ya ümumiyyətlə, müdafiə xərclərinin artımı olmasın. Düşünürəm ki, bu, məntiqlidir, ən azından hazırda bizim qiymətləndirməmiz belədir”. 

Eyni zamanda, o, hakimiyyətin vəziyyətin təhlilini davam etdirəcəyini, uyğun qərarların qəbul ediləcəyini deyib.

Araşdırmaçı jurnalist Səxavət Məmməd Sherg.az-a açıqlamasında deyib ki, 44 günlük müharibə və antiterror əməliyyatlarından sonra Ermənistan hökuməti hərbi büdcələrini iki dəfə artırmışdı: 

“Bu büdcə artımı, əsasən, yeni silahların alınması, müdafiə qabiliyyətlərinin gücləndirilməsi və müasir hərbi texnologiyaların tətbiqi istiqamətində mühüm rol oynayırdı. Lakin hazırkı mərhələdə vəziyyət dəyişib. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanmış və iki ölkə arasında genişmiqyaslı müharibə ehtimalı əhəmiyyətli dərəcədə azalıb. Bu kontekstdə Ermənistan hökumətinin hərbi xərcləri azaltmaq istiqamətindəki təşəbbüsləri başadüşüləndir. Belə bir addım iqtisadi imkanların sosial və infrastruktur layihələrinə yönləndirilməsinə şərait yaradır, həm də ölkənin daxili sabitliyini gücləndirir.  Ermənistan hökumətinin iqtisadi və sosial sahələrə daha çox maliyyə ayırmaq niyyətində olması, xüsusilə əhalinin rifahını artırmaq prioriteti, Paşinyan hökumətinin əsas strateji istiqamətlərindən biridir. Bu baxımdan, hərbi xərclərin azaldılması başadüşüləndir. Lakin hazırda bu yalnız layihə səviyyəsindədir və hələlik qəbul edilib-edilməyəcəyi tam məlum deyil. Hərçənd ki, hərbi xərclərin azalması planlaşdırılsa da, Ermənistan hələ də yeni dronlar, antidron sistemləri və haubitsalar kimi müasir silahların alınmasını gündəmdə saxlayır. Xüsusilə Hindistanla bu istiqamətdə danışıqların aparılması barədə informasiyalar var ki, bu da Ermənistanın təhlükəsizlik strategiyasını tamamilə dəyişməyəcəyini göstərir. Azərbaycan kontekstində isə vəziyyət bir qədər fərqlidir. Fikrimcə, müharibə ehtimalı azalacağı təqdirdə, Azərbaycan da hərbi xərclərini azaldıb, həmin maliyyəni sosial layihələrə yönləndirə bilər. Amma indiki halda hər şeyin bitdiyini iddia etmək üçün tezdir. Lakin dünya miqyasında baş verən gərginliklər fonunda, arxayın olmaq hələ çox tezdir. Dünya müharibəsinin başlanma ehtimalı hələ də öz aktuallığını qoruyur. Bütün dünya dövlətlərinin hərbi xərclərini artırdığı bir zamanda Azərbaycanın hərbi xərclərini azaltması effektiv olmaya bilər. Amma ümumilikdə müharibə ehtimalı aradan qalxdığı təqdirdə hərbi xərclərin artırılması əhəmiyyətli deyil”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
sherg.az

1Sources