EN

"Xameneyinin sərt mesajı: ABŞ-la problem "həllolunmazdır" - "Reuters"

"Tehran-Vaşinqton xəttində yeni gərginlik və daxildə artan təzyiq..."

İranın ali lideri ayətullah Əli Xamenei ABŞ-la münasibətləri "həllolunmaz problem" adlandıraraq, Tehranın heç vaxt Vaşinqtonun təzyiqi qarşısında geri çəkilməyəcəyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Xameneu avqustun 24-də tərəfdarları qarşısında çıxışında "ABŞ-ın məqsədi İranı özünə tabe etdirməkdir, lakin İran xalqı bütün gücü ilə bu yanlış gözləntilərə qarşı dayanacaq" sözlərini işlədib.

Xamenei birbaşa ABŞ-la danışıqlar aparılmasını istəyənləri "səthi yanaşmada" günahlandıraraq, bunun reallığa uyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, düşmənlərin hücumları İran xalqı ilə dövlətini ayıra bilməyib, əksinə, ölkə daxilində birlik möhkəmlənib.

Nüvə proqramı və Qərbin təhdidləri

Xameneinin bəyanatı Qərbin yeni xəbərdarlıqları fonunda səslənib. Fransa, Almaniya və Böyük Britaniya elan edib ki, İran avqustun sonuna qədər nüvə danışıqlarına qayıtmasa, BMT sanksiyaları "snapback" mexanizmi ilə bərpa oluna bilər.

Qeyd edək ki, nüvə danışıqları iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra faktiki dayanıb. Buna baxmayaraq, Tehran Qərb dövlətləri ilə məhdud məsləhətləşmələrə razılıq verib. Lakin Xameneinin son çıxışı güzəştlərə qapını bağlayır.

İran daxilində təzyiqlər və güzəşt siqnalları

Ölkə daxilində isə islahatçı qüvvələr səs-küy salır. "İran İslahat Cəbhəsi" adlı fraksiya hökumətdən birbaşa Vaşinqtonla danışıqlara başlamağı, uranın zənginləşdirilməsini dayandırmağı və MAQATE-nin tam nəzarətinə razılıq verməyi tələb edib. Müxalifət bunun müqabilində sanksiyaların qaldırılacağını hesab edir.

Bundan əvvəl "The Telegraph" nəşri yazıb ki, Tehran Qərbin təzyiqlərini azaltmaq üçün zənginləşdirməni azaltmağa və sərt mövqeyini yumşaltmağa hazırdır. Məqsəd həm yeni sanksiyaların qarşısını almaq, həm də ABŞ və İsrailin mümkün hərbi zərbələrindən yayınmaqdır.

Meydanda sərtlik, arxa planda güzəştlər

Beləliklə, İran rəhbərliyi iki istiqamətdə hərəkət edir: Xamenei xalqa qarşı sərt ritorika ilə çıxış edir, ABŞ-a güzəştə getməyəcəyini bildirir. Lakin arxa planda həm Avropa ilə gizli məsləhətləşmələr aparılır, həm də uranın zənginləşdirilməsi ilə bağlı yumşalma siqnalları verilir.

Ekspertlərin qənaətinə görə, Tehran bu siyasətlə həm ölkə daxilində sərt xətt tərəfdarlarını sakitləşdirməyə, həm də Qərbin yeni sanksiyalarını və mümkün hərbi zərbələrini önləməyə çalışır. Ancaq bir həqiqət dəyişməz qalır: Xameneinin sözlərinə görə, ABŞ-la münasibətlərin "həll yolu yoxdur".

Chosen
13
moderator.az

1Sources