EN

Ermənistan Azərbaycanla sülhün faydalarını dadmağa yaxınlaşır...


Ermənistan hakimiyyəti 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır. Həmçinin, respublikada bəzi siyasi qüvvələrin Ermənistandan çıxarılmasını təklif etdiyi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı söhbətlər intensivləşib. İrəvan hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin paraflanması ölkənin təhlükəsizliyi üçün risqləri azaldır.

Məhz bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, onun hökuməti gələn il hərbi büdcəni artırmaq niyyətində deyil: “Ola bilsin ki, 2026-cı ilin büdcəsində xərclərin əhəmiyyətli dərəcədə artması və ya ümumiyyətlə müdafiə xərclərinin artması müşahidə olunmayacaq. Məncə, bu, məntiqlidir, ən azından hazırda bizim qiymətləndirməmiz belədir”. Eyni zamanda o vurğulayıb ki, İrəvan Azərbaycanla sərhəddə vəziyyəti təhlil etməkdə davam edir. Bundan əvvəl Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan gələn ilin büdcəsinin müdafiə xərclərinin azaldılmasına əsaslandığını bildirmişdi. Lakin onun sözlərindən tam olaraq nəyin müzakirə olunduğu bəlli deyildi: mütləq məbləğlərin azaldılması, yoxsa yalnız maliyyələşmənin hazırkı səviyyəsini saxlamaqla büdcə strukturunda payın azaldılması. 2025-ci ildə Ermənistan ÜDM-in 6,1%-ni (1,7 milyard dollardan çox) müdafiəyə xərcləmək qərarına gəlib. Bu, 2024-cü illə müqayisədə 20%, 2020-2021-ci illərdəkindən isə iki dəfədən çox çoxdur. Eyni zamanda hökumət ordunun yenidən silahlandığını elan edib. İrəvan hava hücumundan müdafiə sistemləri, artilleriya, pilotsuz uçuş aparatları (PUA), rabitə vasitələri və müxtəlif avadanlıq almağı planlaşdırır. Eyni zamanda Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazasını da diqqətə gətirir. Bu şəhərdə birdən-birə iki aksiya keçirilib: biri dəstək, digəri isə respublikada rus qoşunlarının olmasına qarşı. Rəqiblərdən biri 2021-ci il parlament seçkilərində 1,5% səs toplayan Avropayönlü “Respublika naminə” partiyasının üzvləri olub. Onlar aksiya zamanı Ukraynanı da dəstəkləyiblər. Hərbi bazanın qorunub saxlanmasının tərəfdarları Rusiya ilə əməkdaşlığın tərəfdarı olan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinə olan “Ana Ermənistan” hərəkatının üzvləri olub. Lakin hadisə şahidlərinin sözlərinə görə, hər iki aksiyada ümumilikdə 300 nəfər belə toplaşmayıb.

Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, Ermənistan hökumətinin mövqeyi və Azərbaycanın yanaşması liderlərin Vaşinqtonda Bakı ilə İrəvan arasında sülh sazişinin paraflanmasına münasibətini təsdiqləyir: “Ermənistan hakimiyyəti öz həmvətənlərini inandırmağa çalışır ki, müqavilənin paraflanması müharibə riskini minimuma endirib, beləliklə, onlar hərbi xərclərə qənaət etməyə başlaya bilərlər. Bakı isə danışıqlar prosesində hər zaman güclü təzyiq imkanlarının olması lazım olduğunu nümayiş etdirir”. Bu arada, iqtisadi vəziyyət baxımından müdafiə xərclərinin azaldılmasına haqq qazandırmaq olar. Xüsusilə Ermənistana iqtisadi böhran yaxınlaşır. Dövlət borcu ÜDM-in 50%-ni ötüb, büdcə kəsiri 5%-dir. “Fitch” beynəlxalq reytinq agentliyi qeyd edir ki, büdcə gəlirləri bazasını artırmadan xərclərin artımını saxlamaq ölkənin maliyyə sabitliyinin zəifləməsinə gətirib çıxaracaq. Eyni zamanda, İrəvan sosial proqramların saxlanmasına və infrastruktur layihələrinin inkişafına sərmayə qoymalıdır. Nə olursa olsun, Paşinyan hökumətinin başlatdığı bütün müdafiə islahatları hələ başlanğıc mərhələsindədir. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvan belə qənaətə gəlib ki, daha çox silah almağa, ordunun komandanlıq strukturunu dəyişməyə, qoşunların hazırlanması üsullarını dəyişməyə ehtiyac var. Qeyd edək ki, Ermənistanın dövlət borcu ilin ilk yarısına 13 milyard 852 milyon 137 min dollar olub. Xarici borc 6 milyard 943 milyon 296 min dollar, daxili borc isə 6 milyard 908 milyon 842 min dollar təşkil edir. İndi Ermənistan artıq başa düşür ki, Azərbaycanla razılaşmadan heç bir gələcəyi yoxdur. Ermənistan bir müddət Türkiyə ilə sərhədlərin açılacağına ümid bəsləsə də, bu baş vermədi. Daha sonra Azərbaycana qarşı Fransa və Hindistandan dəstək əldə edəcəyini düşündü, lakin Cozef Baydenin hakimiyyət müddətinin başa çatması ilə bu ümidlər də boşa çıxdı. Digər tərəfdən, İran-İsrail qarşıdurması nəticəsində Ermənistanın İrandakı müttəfiqləri xeyli zəiflədi. Beləliklə, hazırkı müsbət atmosfer üçün zəmin yarandı. Ancaq məlumdur ki, bu prosesin uğurla yekunlaşması üçün Azərbaycanın əsaslandırılmış şərtləri var. O şərtlərdən biri Naxçıvanla maneəsiz gediş-gəlişin təmin edilməsidir. Dorğudur, ikinci üçtərəfli bəyannamədə bu, öz əksini tapıb, amma müzakirələr hələ davam etdiriləcək. Bundan başqa, Ermənistan reallıqları düzgün qiymətləndirərək öz konstitusiyasını dəyişməli, orada Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalıdır. Xatırladaq ki, Nikol Paşinyan bu günlərdə xalqa müraciət edərək Qarabağ məsələsindən bəzi qüvvələrin Ermənistanın inkişafına mane olmaq üçün istifadə etdiyini deyib. O, münaqişənin sonlandırılmasının iki ölkə arasında münasibətlərdə müəyyən inkişafa gətirib çıxardığını vurğulayıb.

Ramil QULİYEV

Chosen
3
baki-xeber.com

1Sources