EN

Zəfər tariximizdə Laçın Şəhəri Günü

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad olundu, Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edilərək, işğala son qoyuldu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində sözünü demiş oldu. 10 noyabr 2020-ci il tarixdə 44 gün davam edən hərbi əməliyyatların yekunu və Ermənistanın məğlubiyyətinin açıq etirafının təsdiqi olaraq Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiya aktı idi və ölkəmizin maraqlarını ifadə edirdi. Həmin sənəddə bir sıra müddəalarla yanaşı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmə tarixləri yer almışdır. Dekabrın 1-i 2020-ci il tarixində strateji əhəmiyyətə malik Laçın rayonu Azərbaycana qaytarıldı. "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq", - deyə Prezident çıxışlarının birində bildirmişdir. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.

Tarixdən bəllidir ki, ötən əsrin 20-ci illərində indiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla şəhərə Laçın adı verildi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı.

"LAÇININ İŞĞAL ALTINA DÜŞMƏSİ AZƏRBAYCANDA ÇOX CİDDİ SİYASİ BÖHRANA SƏBƏB OLMUŞDUR"

18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçını işğal etdi və işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Laçın rayonunun 22 min hektarı meşə sahəsidir.

Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. Dövlət başçımız Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi, - deyərək, bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi: "AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur".

"LAÇIN RAYONUNA TƏQRİBƏN 10 MİNƏ YAXIN, BƏLKƏ DƏ ÇOX KEÇMİŞ KÖÇKÜNÜ YERLƏŞDİRİLƏCƏKDİR"

44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Bu gün işğaldan azad olunan ərazilərimizə, eləcə də Laçına Böyük Qayıdış başlayıb. Laçın yeni qaynar, dövrünü yaşayır. Azad Laçında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Laçının Baş Planına əsasən, 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş Plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı Prezident İlham Əliyevin nəzarəti altındadır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı dövlətimizin başçısı "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Laçında Kiçik Su Elektrik stansiyalarının açılışı, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı, "Həkəri Balıq Təsərrüfatı"nın açılışı, "AzərEnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışları, eləcə də bir sıra məkanların təməlqoyma mərasimləri Laçında aparılan abadlıq-quruculuq işlərinin təzahürüdür. Bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Dövlət başçısının bildirdiyi kimi, Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcəkdir.

"KEÇMİŞ KÖÇKÜNLƏR ÜÇÜN ŞƏRAİT ƏN YAXŞI OLMALIDIR, ƏN GÖZƏL OLMALIDIR Kİ, SİZ UZUN ƏZABLI İLLƏRDƏN SONRA BURADA RAHAT YAŞAYASINIZ"

Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? …demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız".

Görülən bu və ya digər işlər göstərir ki, ədaləti bərpa edən Azərbaycan bölgədə sülh və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirərək, genişmiqyaslı quruculuq-abadlıq işlərini də uğurla davam etdirir.

Zümrüd BAYRAMOVA

Chosen
5
1
sia.az

2Sources