EN

Macarıstan millisinin hücumçusu: Bilirəm ki, “Qarabağ” çətin yollardan keçərək bu səviyyəyə çatıb – MÜSAHİBƏ

Bakı, 25 avqust, AZƏRTAC

Macarıstan millisinin hücumçusu Martin Adam AZƏRTAC-a müsahibə verib. O, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçiriləcək cavab görüşü, eləcə də digər məsələlər barədə danışıb.

- “Qarabağ” ilk oyunda “Ferensvaroş”u 3:1 hesabı ilə məğlub etdi. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?

– Oyunu izləmək maraqlı idi, çünki iki fərqli hissə gördük. Birinci hissədə “Ferensvaroş” daha çox imkan əldə etdi və gözəl qol vurdu. İkinci yarıda isə Bense Etvöş zədələndiyi üçün Aleks Tot dayaq yarımmüdafiəçisi mövqeyinə çəkilməli oldu və bu, oyunun gedişatını dəyişdi. “Qarabağ” da bu üstünlükdən yaxşı istifadə etdi. “Ferensvaroş”un üç müdafiəçisi “Qarabağ”ın sürətli və texnikalı cinah hücumçularının qarşısını almaqda çətinlik çəkirdi. Azərbaycan çempionu layiqli qələbə qazandı. Amma cavab matçı var, hələ heç nə bitməyib.

– Cavab görüşündə hansı amillər həlledici ola bilər?

– İlk qol həlledici olacaq. Əgər “Qarabağ” qol vurarsa, demək olar ki, hər şey bitəcək. Amma ilk qolu “Ferensvaroş” vura bilsə, onda hər şey yenidən başlayacaq. Səbirli olmaq vacibdir. “Ferensvaroş” hücum etməli olacaq, amma eyni zamanda müdafiədə çox boşluq verməməlidir. Çünki “Qarabağ”ın sürətli və texniki cəhətdən güclü hücumçuları bundan dərhal istifadə edirlər. Bu, çox böyük və çətin tapşırıqdır, amma mümkünsüz deyil.

– Ümumiyyətlə, “Qarabağ” haqqında fikirləriniz maraqlıdır...

– "Qarabağ" böyük tarixə malik komandadır. Bilirəm ki, çətin yollardan keçərək bu səviyyəyə çatıb. Yüksək nəticələr əldə edirlər. Qurban Qurbanov 17 ildir komandaya rəhbərlik edir, bu isə müasir futbolda çox nadir görünən haldır. Hər kəs öz məsuliyyətini yaxşı bilir və komandanın uzun illərdən bəri formalaşmış güclü heyəti var. Yeni gələn futbolçular da keyfiyyətlidir və tez bir zamanda kollektivə uyğunlaşıblar. Məncə, bu, “Qarabağ”ın “Ferensvaroş”a nisbətən ən böyük üstünlüyüdür. Çünki Macarıstan klubunda hər il heyətdə çoxlu dəyişiklik olur.

– “Qarabağ”da bəyəndiyiniz futbolçular varmı?

–Əlbəttə, bu komandada çox yaxşı oyunçular var. Məsələn, pleymeyker Marko Yankoviç, eləcə də ötən mövsüm "Ferensvaroş"un həyətində oynayan və özünü sübut edən Kadi Borgesin adını çəkə bilərəm. Həmçinin, Kevin Medinanı da xüsusi vurğulamaq istəyirəm. O, müdafiə xəttində etibarlıdır və əsl liderdir.

– Azərbaycanın başqa hansı klublarını tanıyırsınız?

– “Qarabağ”dan başqa, “Neftçi”ni tanıyıram. Çünki orada iki mövsüm həmyerlim Mark Tamaş çıxış edib.

Chosen
29
2
azertag.az

3Sources