EN

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun kadrlar hazırlayır  

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Açıq qapı” günü keçirilib.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, müəllimlər, valideynlər, uğurlu məzunlar, eyni zamanda, Mərkəzlə əməkdaşlıq edən müəssisələrin nümayəndələri iştirak ediblər.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini direktoru Qalib Nəbiyev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Fatimə Cəfərova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova, “Qafqaz-Qəbələ” MMC-nin İnsan resursları departamentinin rəhbəri Babək Müzəffərov çıxış ediblər.

Qeyd olunub ki, son illər ölkəmizdə peşə təhsilinə dövlətin diqqət və qayğısı günbəgün artmaqdadır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi regionda turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri istiqamətində kadr hazırlığı üzrə əhəmiyyətli dərəcədə seçilən təhsil ocaqlarındandır. Təhsil Mərkəzinin əsas missiyası əmək bazarının müasir tələblərinə uyğun təhsilalanlar üçün keyfiyyətli təhsil verməklə, müstəqil, səriştəli, təşəbbüskar, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, biznes təfəkkürlü, əməksevər və vətənpərvər kadrlar hazırlayaraq, ölkədə və regionda öz seqmentində lider mövqeyə sahib, modern və yenilikçi peşə təhsili müəssisəsi kimi fəaliyyət göstərməkdir.

Çıxış edənlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib, ictimaiyyətin peşə təhsili barədə məlumatlandırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində Mərkəzdə turizm, ictimai iaşə və iqtisadiyyatın digər sahələri istiqamətində təhsilalan tələbələrin və məzunların əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.

Bədii hissədə iştirakçılar üçün əyləncəli oyunlar, viktorinalar keçirilib, yarışların qalibləri hədiyyələrlə mükafatlandırılıb. Tədbir iştirakçıları, həmçinin müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar da əldə ediblər.

Qeyd edək ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.

Chosen
14
1
azerbaijan-news.az

2Sources