EN

600 bal yığanlar niyə tələbə ola bilmədi? - AÇIQLAMA

Son illər ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən 500, hətta 600-dən çox bal toplayan bəzi abituriyentlərin belə universitetlərə qəbul ola bilməməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bu vəziyyət sual doğurur: səbəb yerlərin azlığıdır, yoxsa ixtisas seçiminin düzgün edilməməsi?

Təhsil eksperti Elşən Qafarov Ölkə.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, təqribən 600-dən yuxarı bal toplayan 10 nəfər abituriyent müsabiqədən kənarda qalıb:

"Mən düşünürəm ki, bu tip gənclərimizin çöldə qalmaması üçün Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında dəyişiklik edilməyin vaxtı çatıb. DİM-in qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun. Hər bir gənc bilməlidir ki, hansı ixtisası istəyir və həmin ixtisas üzrə ölkədə fəaliyyət göstərən 46 ali təhsil müəssisəsindən hansında bu ixtisas varsa, yalnız ora sənəd verməlidir.

Bizdə ciddi problemlərdən biri də budur ki, məsələn, hüquq fakültəsinə qəbul ola bilməyənlər tarix müəllimliyi seçir, həkimliyə düşə bilməyənlər isə kimya və ya biologiya müəllimliyi oxumağa məcbur qalırlar. Sadəcə ali məktəbə daxil olsunlar deyə bir sahəni arzulayırlar, amma başqa bir sahəyə düşürlər. DİM-in imtahan mexanizmi dəyişilməlidir". 

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə yüksək bal toplayan gənclərimiz görünür ki, konkret olaraq bir ixtisası yazıblar:

"Fərqli variantlar seçməyiblər, o baxımdan kənarda qalıblar. Dövlət İmtahan Mərkəzi tərəfindən yəqin ki, ikinci yerləşdirmə imtahanı olacaq və o gənclərimiz də kənarda qalmayacaq. O ki, qaldığı yerlərin azlığına, yerlər az deyil. Bilirsiniz ki, 2022-2026-cı illər üçün ölkənin sosial iqtisadi inkişaf konsepsiyasının təhsil ilə bağlı olan bölməsində ali məktəblərə qəbul sayı ildən-ilə artırılır. Əgər 2022-ci il də daxil olmaqla biz hər il ölkənin ali məktəblərinə təxminən 45 min tələbə qəbul edirdiksə, artıq bu il bu rəqəm 65 minə çatıb. Keçən il 58 min, ondan əvvəlki il isə 55 min tələbə qəbul olunub. Yalnız üç il ərzində tələbə yerlərinin sayı 50 faiz artırılıb.

Arzu edirik ki, imtahanlar ixtisas üzrə keçirilsin. Belə olan halda yüksək bal toplayanlar və yaxud da ki, daxil ola bilməyənlər xaricə üz tuturlar. Bu həm beyin axınının, həm də kapital axınının  xaricə getməsidir. Düşünürəm ki, bu dəyişikliklər olarsa, hər bir Azərbaycan gənci üçün arzuladığı ixtisas üzrə ali məktəbə daxil olmaq imkanı yaranar".

Həmidə İbrahimova

Chosen
8
2
olke.az

3Sources