EN

“Məşğulluqdan verilən inək 1 ay sonra öldü, yenisini vermədilər” – Açıqlama

Ucar rayonu Lək kənd sakini Məhbus Süleymanov iddia edir ki, Dövlət Məşğulluq Agentliyinin kənd təsərrüfatı üzrə özünüməşğulluq proqramında yol verilmiş nöqsanlara görə ona ziyan dəyib.

Hurriyyet.az xəbər verir ki, Yeniavaz.com-a müraciət edən M. Süleymanovun sözlərinə görə, bu il iyulun 9-da ona proqram çərçivəsində 3 baş iribuynuzlu heyvan verilib.

“Lakin avqustun 8-də heyvanlardan biri qəfil ölüb. Fakt dərhal baytarlıq xidməti tərəfindən qeydə alınıb, yarma aparılıb və rəsmi akt tərtib edilib. Həmin aktı Məşğulluq Mərkəzinə təqdim edərək, ölmüş heyvanın əvəzində yenisi ilə təmin olunmağımı xahiş etdim. Ancaq qurumun cavabı tam əsassız oldu:

“Ölmüş heyvanın yarılmış vəziyyətdə mütləq şəkli çəkilməli idi”.

Bu cavab absurddur. Baytarın iştirakı ilə akt tərtib edilibsə və rəy varsa, əlavə yarılmış formada şəkil tələb etmək qanunsuzdur. Bu, vətəndaşı çətin vəziyyətdə qoymaq deməkdir.

Özünüməşğulluq proqramı çərçivəsində verilən 3 heyvanın faktiki yaşı 1–1,5 yaş olsa da, sənədlərdə 3 yaş göstərilib. Bundan başqa, müqaviləyə görə mənə 800 kq yem verilməli olduğu halda, indiyə qədər bu yem verilməyib. Heyvanlar çox zəif, xəstə və yararsızdır”, - Ucar sakini bildirib.

Dövlət Məşğulluq Agentliyinə ünvanladığımız müvafiq sorğuya cavab olaraq bildirilib ki, M. Süleymanov avqustun 8-də Mərkəzi Aran Regional Məşğulluq Filialının Xidmət şöbəsinə müraciət edərək heyvanlardan birinin tələf olması barədə məlumat verib:

“Araşdırma zamanı vətəndaşın təqdim etdiyi sənədlərin natamam olduğu müəyyən edilib. Belə ki, təqdim edilən sənədlərdə yarma protokolu və heyvanın yarılmış vəziyyətdə çəkilmiş şəkli mövcud olmayıb. Məsələ ilə bağlı Məhbus Süleymanova məlumat verilib.

Qeyd edirik ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs təhvil aldığı əmlakda hər hansı qüsur aşkar etdiyi halda, bu barədə məlumatı və qüsurları təsdiqləyən sənədləri (aktlar, mütəxəssis rəyi, fotoşəkillər və s.) əmlakı təhvil aldığı tarixdən etibarən ən geci 30 gün müddətində Filiala təqdim etməlidir.

Vətəndaş göstərilən müddət ərzində tələb olunan sənədləri tam şəkildə təqdim etdiyi halda, tələf olmuş heyvanın dəyişdirilməsi ilə bağlı məsələyə qanunvericiliyə uyğun qaydada baxılacaq.

Əlavə olaraq bildiririk ki, Ucar rayonu üzrə sentyabr ayı ərzində qarışıq yemlərin paylanması nəzərdə tutulur”.

Chosen
2
4
hurriyyet.az

5Sources