Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Laçın şəhərinin Güləbürd, Səfiyən və Türklər kəndi 2020-ci il noyabr ayının 9-da Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilmiş, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verilmişdir. 2022-ci il avqust ayının 26-da isə Laçın rayonunun Zabux, Sus kəndləri nəzarətə götürülərək, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdirilmişdir.
Ölkə Başçısı İlham Əliyev 2022-ci il sentyabr ayının 21-də Laçın şəhərinə səfər edərək, Laçında Azərbaycan Respublikasının üçrəngli bayrağını ucaldır. Cənab Prezident İlham Əliyev bu illər ərzində ermənilər tərəfindən Laçın şəhərinin və rayonlarının darmadağın edildiyini vurğulayıb, qeyd etdi ki: “Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər”.
Cənab Prezident İlham Əliyevin Laçın şəhərinə növbəti səfəri 28 may 2023-cü ilə təsadüf edir. Həmin səfər zamanı Ölkə Başçısı Laçın şəhərində bir çox layihələrin təməlini qoymuş, yeni-yeni stansiyaların açılışını etmiş, görülən digər işlərlə yaxından tanış olmuşdur.
Səfər zamanı İlham Əliyev Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə yaxından tanış olmuşdur. Bunun ardınca Ölkə Başçısı Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak etmiş, Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə yaxından tanış olmuşdur. Daha sonra İlham Əliyev “Laçın” şəhər yarımstansiyasının açılışını edərək, Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə də tanış olmuşdur.
Ölkə Başçısı İlham Əliyev 28 may 2023-cü ildə Laçın şəhərinə səfər zamanı Heydər Əliyev, Zəfər, 28 May küçələrinin kəsişməsində lövhələrin açılışını edərək, Laçın şəhərində Xosrov bəy Sultanov, həmçinin Zəngəzur küçələrinin kəsişməsi istiqamətində yerləşən lövhələrin də açılışını etmişdir. Səfər zamanı Cənab Prezident 1 Dekabr küçəsində lövhənin açılışını edərək, bərpa edilmiş evlə də yaxından tanış olub.
Daha sonra İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşərək, onlara evlərinin açarlarını təqdim edir. Laçınlılarla səmimi söhbət edən İlham Əliyev qeyd edir ki, “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı”.
Səfər zamanı Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim edilmiş, Ölkə Başçısı həmin planla yaxından tanış olmuşdur. Laçın şəhərinin İşğal və Zəfər Muzeyi Kompleksinin də həmin gün təməlqoyma mərasimi həyata keçirilmişdir.
Ali Baş Komandan İlham Əliyev səfər zamanı Laçın şəhərində ilk çoxmənzilli yaşayış binasının təməlini qoymuşdur ki, həmin yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil, ümumilikdə isə həmin məhəllədə 1630 nəfərin yaşaması nəzərdə tutulub. Bundan başqa həmin ərazidə idman sağlamlıq mərkəzində müxtəlif idman növləri, üzgüçülük hovuzu ilə bərabər iaşə obyektləri, inzibati və digər köməkçi sahələr də yaradılacaq. Həmçinin yeni yaşayış massivində ticarət obyektləri, açıq idman meydançası, uşaq əyləncə və istirahət mərkəzinin də yaradılması planlaşdırılır.
Nəticə etibarilə, Laçın rayonu qələbənin, milli birliyin, dövlətin siyasi qətiyyətinin və xalqın sarsılmaz iradəsinin təzahürüdür. Laçın şəhəri günü dövlətimizin əldə etdiyi tarixi nailiyyətlərin, azad olunmuş torpaqlarda qurulan yeni həyatın və xalqımızın gələcəyə inamının parlaq təcəssümüdür. Bura həm müasir şəhər kimi formalaşır, həm də milli yaddaşın, tarixi-mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan olaraq Azərbaycanın qürur mənbəyinə çevrilir.
PƏRVANƏ TALIBOVA
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının müəllimi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.