Milli
Kitabxanada Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illiyinə həsr
olunmuş tədbir keçirilib. Bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib
ki, tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov şairin
yaradıcılığından söhbət açıb. Vurğulayıb ki, şairin 90 illiyi münasibətilə
"Fikrət Qoca. Biblioqrafiya" kitabı hazırlanıb.
Azərbaycan
Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad
Məcid Fikrət Qoca ilə bağlı xatirələrini bölüşüb. "Şairi şəxsən
tanımamışdan əvvəl də şeirlərinə heyran idim. Fikrət Qoca ilə birlikdə çalışıb,
bir çox səfərdə yol yoldaşı olmuşuq. Fikrət Qoca gözəl insani keyfiyyətlərə
sahib olub. O, xüsusilə də gənclərə diqqət göstərib. Şeirləri Azərbaycan ədəbiyyatında
əbədi olaraq yaşayacaq", - deyə R.Məcid əlavə edib.
AYB-nin
katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət
xadimi Elçin Hüseynbəyli, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri
Əsəd Cahangir, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağasəs, şairə
Aybəniz İsmayılova çıxışlarında Fikrət Qocanı Azərbaycan poeziyasında öz dəst-xəti
olan novator şair, obyektivlik simvolu kimi xarakterizə ediblər.
Xalq şairi
Fikrət Qocanın bacısı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva tədbirin təşkilinə görə Azərbaycan
Milli Kitabxanasının rəhbərliyinə təşəkkür edib.
Sonra
kitabxana əməkdaşlarının hazırladığı "Xalq şairi Fikrət Qoca" adlı
elektron məlumat bazasının və virtual sərginin
təqdimatı olub.
Həmçinin tədbir
iştirakçıları "Xalq şairi Fikrət Qoca-90" adlı ənənəvi kitab sərgisi
ilə tanış olublar.