Türkiyə Kipr türklərinin yolunu kəsməyə çalışanların əks-cəhdlərinə rəğmən, dövrün imkanları ilə onların inkişafına yönələn strategiyasını davam etdirəcək.
News365.az xəbər verir ki, bu fikirləri Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.
O qeyd edib ki, elektron dövlət xidmətlərinin Avropada belə hələ geniş tətbiq olunmadığı dövrlərdə Türkiyədə turkiye.gov.tr portalı vasitəsilə vətəndaşlara onlayn xidmətlərin göstərilməsinə başlanılıbb:
C.Yılmaz bildirib ki, bu gün e-Dövlət sistemində 68 milyondan çox istifadəçi var və Türkiyə əhalisinin 80 faizi bu sistemdən yararlanır:
"Mindən çox qurum tərəfindən təqdim edilən 8 min 630 elektron xidmətə istənilən vaxt və istənilən yerdə bir kliklə çıxış mümkündür. E-Dövlət yalnız dövlət qurumları ilə məhdudlaşmayıb. Yerli dövlət qurumları, universitetlər və bəzi özəl sektor təmsilçiləri də bu platformada iştirak edirlər”.
Vitse-prezident ölkəsinin bu təcrübəni Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə paylaşmağa tam hazır olduğunu bildirib:
“Bizim aramızda fərq yoxdur. Nə təcrübə və bacarığımız varsa, qardaş ölkə olaraq hamısını bölüşməyə hazırıq. Hər şeyi birlikdə edərək gələcəyimizi birlikdə quracağıq. Şimali Kipr gənc, təşəbbüskar və yeniliyə meylli əhaliyə malikdir. Səlcuq Bayraktar Türkiyə üçün artıq bir markadır və onunla fəxr edirik. Niyə Kiprdən də başqa bir Bayraktar çıxmasın?”.