EN

Cüdo üzrə Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov, Zelim Kotsoev Xankəndi şəhərinə səfər ediblər. Səfər zamanı idmançılar şəhər sakinləri ilə görüşüb, burada aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Olimpiya çempionları əvvəlcə Qarabağ Universitetini ziyarət edib, sonra Xankəndi stadionunda görülən tikinti işlərinə baxıblar. Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi başa çatdırılacaq.

Olimpiya çempionlarının Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların işğaldan azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

Chosen
53
16
xalqqazeti.az

10Sources