EN

Qələbə inkişafla davam edir

“Sakinlərinə qovuşan Kəlbəcər həyatının yeni dövrünə qədəm qoydu. Burada soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Cənab İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq sakinlər birinci yaşayış kompleksində evlərlə təmin olunur, amma inşaat işləri bununla bitmir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son Kəlbəcər səfərini aia.az-ın əməkdaşına şərh edən Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

Onun sözlərinə görə, 21 avqust tariximizə yazılan növbəti uğur səhifəsidir: "Kəlbəcərlilər dogma yurd-yuvalarına qayıdır, burada yeni həyat başlayır. Azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər rayonunda da aparılan bərpa-quruculuq işlərinin miqyası ölçüyəgəlməzdir. Təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də rayona reallaşdırdıqları səfər çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir”.

Azər Kərimli onu da bildirib ki, bu gün tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın uğurlarından fəxrlə bəhs edirik: “Tarixi Zəfərimizdən 2023-cü ilin sentyabrınadək əsas hədəf Azərbaycanın suverenliyini tam bərpa etmək idi. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, separatçı xunta kapitulyasiya aktına imza atdı. Artıq həmin vaxtdan Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Ermənistan-Azərbaycan normallaşması prosesi başa çatıb və imzalanmış sənədlər maraqlarımızı tam təmin edir. Azərbaycan  istədiyinə  nail olub. Cənab İlham Əliyevin vurğuladığı kimi, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Azər Kərimli vurğulayıb ki, tarixi Zəfərimizin ilk günündən əsas hədəf keçmiş məcburi köçkünlərin bu ərazilərə qayıdışıdır: “Azad edilmiş torpaqlarımız 30 illik işğal dövründə törədilən vəhşilikləri, dağıntıları bizə təqdim edir. Bütün şəhər və kəndlər, tarixi və dini abidələrimiz  dağıdılıb, məscidlərimiz  təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra Kəlbəcərin boşaldılması zamanı ermənilərin törətdikləri vəhşiliklər diqqətdən kənarda qala bilməzdi. Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bu çağırışı etdi ki, keçmişimizi heç vaxt unutmamalıyıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”.

Millət vəkili Azər Kərimli  qeyd edib ki, Prezidentin Kəlbəcər səfəri bir daha göstərdi ki, zəfər yalnız hərbi qələbə ilə bitməyib, indi bu qələbə inkişafla davam edir. “Kəlbəcər artıq müharibə izlərinin silindiyi, gələcəyə inamla baxan bir bölgəyə çevrilir. Zəfərdən inkişafa uzanan yolun real mənzərəsi məhz bu səfərdə öz əksini tapdı. Bütün bunlar Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi növbəti tarixi uğurdur. Bu nailiyyət həm ölkəmizin strateji mövqeyini möhkəmləndirir, həm də regionda dayanıqlı sülh və əməkdaşlıq üçün yeni imkanlar açır”.

Chosen
3
sabahinfo.az

1Sources