İnsanlar gündəlik həyatda tez-tez özlərini başqaları ilə müqayisə edir.
Bəzən başqalarında gördüklərini öz həyatına tətbiq etməyə çalışmaq ruhlandırıci olsa da, çox vaxt bu, özünəinamın azalması və psixoloji problemlərin əlaməti ola bilir.
Bəs insanlar özünü başqaları ilə müqayisə etməyə niyə meyillidirlər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən psixoloq Elgün Ağarzayeva bildirib ki, uşaqlıqda müqayisə edilən insanlar psixoloji çətinlik yaşayır:
O qeyd edib ki, insanlar özlərini sosial şəbəkələrdə gördükləri həyat tərzi ilə və ya yaxınları ilə müqayisə etdikdə, bu, onların psixologiyasına mənfi təsir göstərə və bir sıra problemlərin yaranmasına səbəb ola bilər:
"İlk növbədə, insan özünü daha irəlidə, yaxşı həyat yaşayan insanlarla müqayisə edir. Bu müqayisədə balans pozulur və insan müqayisə zamanı özünü daha aşağıda gördüyü üçün depressiyaya düşə bilir. Bu keçmişdə böyümə tərzi ilə əlaqədar ola bilər, uşaqlıqda aldığımız tərbiyə bizi bütün ömür boyu izləyir, həyatımıza təsir göstərir.
Uşaqlıqda daha çox müqayisə edilərək böyüdülmüş, valideynləri tərəfindən digərlərinin uğurları vurğulanmış və öz övladının uğurları daha çox qabardılmamış şəxslərdə gələcəkdə özünü müqayisə meyilləri daha yüksəkdir".
Onun sözlərinə görə, özünü başqaları ilə müqayisə etmək balansı pozur:
"Digər insanlarla özünü müqayisə gələcəkdə öz dəyərlərinin aşağı düşməsi, hətta anksiyete (qayğı pozuntusu) gətirib çıxara bilər. Şəxsin bütün müqayisələri beynində aparması, boş zamanlarını müqayisələrlə dəyərləndirməsi bir müddət sonra apsesiyalara gətirib çıxara bilər.
Digər tərəfdən, bu, şəxsin real mənliyi ilə ideal mənliyi arasındakı balansın pozulmasına səbəb ola bilər. Real mənlik, insanın özünü olduğu kimi qəbul etməsi və qiymətləndirməsi, ideal mənlik isə insanın olmaq istədiyi şəxsiyyət və özünü görmək istədiyi formadır.
Şəxs özünü digərləri ilə müqayisə etdik də ideal mənliyi adekvat olmur, yeni şəxs öz həyat tərzinə uyğun olmayan, fərqli həyat tərzi olan insanlarla özünü müqayisə etdikdə onların həyatını yaşamaq istəyir və artıq real məni özünə yox digərinə uyğunlaşdırılır".
Psixoloq qeyd edib ki, daimi və uyğunsuz müqayisə psixoloji narahatlıq yarada bilər:
"Belə müqayisələr gələcək planlarımıza, hədəflərimizə təsir göstərir, insan özümüzə uyğun olmayan hədəfləri qarşısına qoya bilir. Təbii ki, həmin hədəflərə çatmadıqda da məyusluq və depressiya halı yaşaya bilir. Müqayisə etmək normal haldı, insanın şəxsiyyətinə uyğun olan davranışdı.
Amma təbii ki, hər bir davranış kimi həddində olduğunda və real obyekt, şəxslərlə özünü müqayisə etməsi daha məqbuldu. Daimi olaraq müqayisə aparması şəxsin travma və psixoloji narahatlıqlar ilə əlaqədar ola bilər".