EN

Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərini yenidən qurmağa qadirdir

Kəlbəcər işğal olunana kimi Ermənistan ordusu Kəlbəcərdə Başlıbel, Ağdaban faciələrini törət­miş­di, işğal günü Tunel deyilən yerdə çoxsaylı pusqu qurmuşdu. Yüzlərlə kəlbəcərli öldü­rül­müş­dü, min­­lərlə kəlbəcərli geri qaçaraq dağda-daşda gizlənmişdi, Kəlbəcəri dağ yollarıyla tərk eləmişdi. Yüzlərlə döyüşçümüz şəhid olmuşdu, yüzlərlə hərbi qulluqçu, vətəndaş əsir düşmüşdü, neçələrinin nəşi indi də tapılmır, ermənilər onları xəyanətlə öldürmüşdü, hardasa kütləvi məzarda basdırmışdı, yerini bildirmir, belə qəbirlər müəyyən qazıntılar zamanı aşkarlanır...

Kəlbəcər 1992-ci il aprelin 1-də işğal olundu. Düşmən Kəlbəcərin təbii sərvətlərini talamağa başladı, qızıl və zəylik-alunit yataqlarını qəddarcasına dağıtmağa davam etdirirdi. Rusiyanın sülh­məramlı (?) qüvvələrinin nəzarəti bunun qarşısını almırdı, bəlkə də almaq istəmirdi. Bunu Azər­bay­can dövlətinin özü dayandıracaqdı!

Azərbaycan Ordusu Ermənistanın sonuncu hücumunun (27 sentyabr 2020-ci il) da qarşısını qətiyyətlə aldı, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına keçdi. Ordumuz döyüşə-döyüşə mövqe qələbələri qazanır, mövqe qələbələri qazana-qazana döyüşürdü. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Azərbaycan rəsmən İkinci Qarabağ müharibəsinin qalibi oldu. Ermənistan bu Bəyanata görə Kəlbəcəri, Laçını, Ağdamı döyüşsüz tərk etməli idi. Bu şərt də Azərbaycan dövləti­nin nüfuzunun, gücünün, Azərbaycan Ordusunun qüdrətinin Zəfəri kimi tarixləşdi. Ermənistan ordusunun bu rayonları döyüşsüz tərk etməsi onun təslimolma sənədinin bir hissəsi idi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışında Kəlbəcərin işğalını da xatırlatdı. Bu işğala imkan verən səbəblərdən də danışaraq dedi: “...Kəlbəcərin işğalı strateji nöqteyi-nəzər­dən Azərbay­can üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır...”...

Kəlbəcər işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Kəlbəcərdə də böyük quruculuq işləri başladı.

Bu quruculuq işləri dövlətin, bilavasitə dövlət başçısının ciddi nəzarəti ilə aparılmaqdadır. Dövlət başçımızın tarixi Zəfərdən sonra Kəlbəcərə səfərlərində böyük quruculuğun vüsəti artır. 2021-ci il avqustun 16-da Toğanalı-Murovdağ avtomobil yolu üzərində inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməli qoyulub, 2023-cü il may ayının 27-də “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, 2024-cü il sentyabrın 2-də Kəlbəcər şəhə­rin­də ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib, 2025-ci il avqustun 21-də Kəl­bə­cər şəhərinin sakinlərinə mənzillərin açarları təqdim edilib, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub, ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 21-də Kəlbəcərə səfəri regionda quruculuq işlərinin daha da genişlənməsinin təminatı olacaq. Səfər zamanı dövlət başçımız çıxışında ədaləti bərpa etdiyimizi, xalqımızın iradəli xalq olduğunu, torpağa bağlılığını, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış komp­leksinin inşasının nəzərdə tutulduğunu, bütün infrastruktur layihələrinin icra ediləcəyini, mina­lar­dan təmizləmə işləri aparıldığını, Azərbaycan xalqının ən yüksək beynəlxalq müstəvidə öz böyük­lü­yünü bir daha göstərdiyini, ... xatırladaraq dedi ki, “Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi”.

“Dünən dünənliyində qaldı” deyimi var. Bu deyim dövlətlə, dövlətçiliklə, xalqla bağlı ola bil­məz. Hər bir Azərbaycan vətəndaşı dünənləri heç zaman yaddan çıxartmayacaq. Bu səfər zamanı dövlət başçımız çıxışında həm də bu fəlsəfi dərki də xatırlatdı: “ Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görü­şümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzula­yıram”…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə bu səfəri də döv­lə­ti­mizin quruculuq siyasətinin təzahürüdür və bu səviyyədə də tarixləşdi. Dünya ictimiyyəti bir daha əmin oldu ki, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri də optimal müddətdə yenidən qurmağa qadirdir…

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

Chosen
14
4
sabahinfo.az

5Sources