2025-ci ilin avqustu Ermənistan Respublikası üçün yeni dinc və firavan həyatın başlanğıcı oldu.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün teleqram kanalında bildirib.
"Sülh bərqərar olub və bu, bizim gündəlik qayğımız olmalı, həmçinin institusional əsas əldə etməlidir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıc nöqtəsi oldu. Bu hadisə münasibətilə hamını təbrik edirəm", - Baş nazir vurğulayıb.
Paşinyan həmçinin bəyan edib ki, 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsi həmin dövrdə ölkədə fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv hisslərini ifadə edib.
"Bu, Bəyannamənin əsas ideoloji müddəalarının ziddiyyətli olması və Sovet İttifaqının 1950-ci illərdən tədricən, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə etdiyi üçün baş verdi", - Paşinyan yazır.
Onun fikrincə, bu şəkildə formalaşan sosial psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz etməyə yönəlmişdi.
"Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir", - o bildirib.
Siyasətçi Ermənistan və Azərbaycan arasında sülhün və Türkiyə ilə dialoqun mümkün olduğu hazırkı hökumət strategiyasını ən düzgün adlandırıb.