EN

İsveçrədə Bakı İqlim Koalisiyasının təqdimatı keçirilib 

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası (SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimatlar keçirib.

Bu barədə "Report"a KOBİA-dan bildirilib.

Təqdimatlar zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Agentliyin irəli sürdüyü və qlobal müstəvidə KOB-ların "yaşıl hərəkatı"nın yaradılması məqsədini daşıyan bəyannaməyə dair məlumat verib. “KOB-ların "yaşıl keçid"i üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə dair KOBİA-nın təqdimatında isə qeyd edilib ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların "yaşıl keçid"inin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub. Həmçinin, təqdimatlar zamanı Bakı İqlim Koalisiyası çərçivəsində görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

SACCI, JCC və İsveçrə Alternativ Maliyyələşmə Səhmdar Cəmiyyəti (SAFAG) Bakı İqlim Koalisiyasını dəstəklədiklərini bildirib, bəyannaməyə qoşulmalarına dair anlaşma memorandumlarını imzalayıblar. Sənədlərdə KOB-ların "yaşıl keçid"inə dəstək və bu istiqamətdə tədbirlərin təşkili, iqtisadi əməkdaşlıq, ticarət, investisiya imkanları və "yaşıl təşəbbüs"lərə dair məlumat mübadiləsi, əməkdaşlığın təşviqi kimi məsələlər nəzərdə tutulur.

KOBİA heyəti səfər zamanı BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyas, Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktorunun müavini Doroti Tembo və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Sahibkarlıq şöbəsinin müdiri Arlet Verploeq ilə görüşlər keçirib. Görüşlərdə iş adamlarının iştirakı ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-ların inkişafına və yaşıl keçidinə dair fikir mübadiləsi aparılıb.

Chosen
23
7
report.az

8Sources