Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Natiq Cəfərli: “Azərbaycanın iqtisadi mənzərəsində qəribə situasiya yaranıb”
ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində gündəmin aktual mövzuları, mövcud sosial-iqtisadi problemlər, onlardan çıxış yolları, hökumətin fəaliyyəti, perspektivdə Azərbaycanda ehtimal olunan iqtisadi mənzərə və s. barədə sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Natiq bəy, dünən ölkə başçısı İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşdə müharibəyə hazır olmaq barədə mesajlar verdi. Bildirdi ki, Azərbaycan yeni, müasir silahlar alır, hərbi hava qüvvələrini müasirləşdirir, Xəzərdə hərbi imkanlarını artırır. Məlumdur ki, hazırda Ermənistanla sülh gündəmimiz var, amma Rusiya ilə münasibətlər gərgindir, Prezidentin bəyanatı, Xəzər dənizi vurğusu təhlükənin şimaldan ola biləcəyinə dair narahatlıq yaradır. Bu barədə nə düşünürsüz?
- İndiki dünyada heç nəyi kənara qoymaq olmaz. Amma açığı, Rusiya ilə birbaşa hərbi toqquşmanı çox az ehtimal edirəm. Bunun müxtəlif səbəbləri var. Biri ondan ibarətdir ki, Azərbaycanın özünün qurduğu ittifaqlar və müttəfiqlik münasibətləri var. Burada Türkiyə ilə aramzıda imzalanan Şuşa Bəyannaməsi önəmli rol oynayır və Rusiya ilə Türkiyənin münasibətləri, qarşılıqlı asılılıqları mövcuddur. Rusiya üçün Türkiyə faktiki olaraq həm ticarət dövriyyəsində, həm dünya ilə, hətta hava məkanı vasitəsilə əlaqələrin qurulmasında mühüm tərəfdaşdır. Rusiya vətəndaşlarının digər ölkələrə – Qərbə uçuşlarının demək olar ki, hamısı Türkiyə üzərindən həyata keçirilir. Rusiyadan qalxan hər beş təyyarədən ən azı üçü xaricə gedərkən Türkiyə istiqamətinə uçur. Yəni, bütün bunlara görə də hərbi təcavüz ehtimalı azdır və mən düşünürəm ki, münasibətlərdə yavaş-yavaş yumşalmaya doğru müəyyən addımlar atılacaq. Çünki münasibətlərin gərginləşməsinin əsas səbəbi Azərbaycan deyil. Burada Rusiyanın təyyarə qəzasından bəri tutduğu mövqe gərginliyi artıran faktora çevrilib.
Rusiyanı ən çox qıcıqlandıran məsələlərdən biri sülhməramlıların buradan çıxarılması, Azərbaycanın bu məsələdə Kremli tələsdirməsi və Türkiyə ilə qurulan ittifaq idi. Kremlin aparıcı ideoloqlarından olan Duqinin məşhur bir məqaləsi var idi. O yazırdı ki, “Biz NATO-nu öz sərhədlərimizdən kənara itələməyə çalışırıq və Ukrayna müharibəsinin əsas səbəblərindən biri də budur. Amma indi ayıldıq ki, NATO Azərbaycanda – Türkiyə olaraq mövcuddur". Yəni, Türkiyə ilə münasibətlərin hərbi-siyasi ittifaqa çevrilməsi Rusiyanı qane etmir. Bundan başqa, məsələn, kommunikasiyaların açılması məsələsində Azərbaycan Rusiyanın oynamaq istədiyi oyunu oynamır. Keçən il Azərbaycan Prezidentinin şəxsi nümayəndəsi Elçin Əmirbəyov Amerikaya səfər etdi və gələndən sonra maraqlı bir bəyanat verdi ki, kommunikasiyalarla bağlı məsələ sülh müqaviləsindən çıxarıldı. Rusiya bunu istəmirdi, çünki o israr edirdi ki, məhz 10 noyabr sazişinin doqquzuncu bəndinə əsasən kommunikasiyalar açılsın və Rusiya orada hegemon olsun. Azərbaycan bunu etmədi. Çox güman ki, bu da Kremli qəzəbləndirən səbəblərdən biri idi.
Miqrantlarla bağlı və digər məsələlər isə aysberqin görünən tərəfləridir. Mənə elə gəlir ki, daha dərin qatlarda problemlər var və Rusiyanın inciklikləri daha çoxdur. Amma ticarət münasibətlərinə baxanda biz görürük ki, bu il Rusiya ilə ticarət dövriyyəsi artıb.
- Daha çox Rusiyadan idxal artıb...
- İdxal da, ixrac da artıb. Keçən ilin ilk yeddi ayında Rusiya ticarət tərəfdaşlarımız arasında dördüncü yerdə idi. Bu il üçüncü sıradadır, 7 ayda üç milyarda yaxın ticarət dövriyyəsi var, ilin sonunda dörd milyardı keçəcək.
- Keçən il ümumilikdə 4,2 milyard dollar olub...
- Bəli, bu artımın da səbəbləri var. Rusiya Azərbaycana daha çox mal satır. Azərbaycan keçən il bu ölkədən təqribən üç milyarddan bir az çox mal almışdı. Bu il isə 3,5 milyarda yaxın mal alınacaq. Bu malların böyük əksəriyyəti Rusiyanın başqa dövlətlərə satmaqda problem yaşadığı məhsullardır. Rusiyanın logistika və sanksiyalarla bağlı ciddi problemləri var və Azərbaycan rusiyalı iş adamları üçün premium bazar kimi maraqlıdır. Ona görə də Rusiya Azərbaycandan gələn məhsullara qadağa qoysa, daxildə qiymət artımı yaşana bilər. Putinin isə əsas istəklərindən biri bazarda bolluğu yaradaraq inflyasiyanı aşağı çəkməkdir.
Yəni, siyasi və geosiyasi mənzərə çox gərgin görünsə də, bunun iqtisadi münasibətlərə ciddi təsiri olmadı. Azərbaycan kommunikasiyalar məsələsində də Rusiyanın istəklərinə uyğun hansısa addım atmadan kənarlaşmağı bacardı. İndi Zəngəzur dəhlizi məsələsi Ermənistan, Rusiya, İran və ABŞ arasında müzakirəyə çevrilib.
- Amma Azərbaycanın enerji infrastrukturu Ukraynada sistematik şəkildə vurulur…
- Bəli. Rusiya Ukraynadakı neftayırma zavodlarını bir ildən çoxdur ki, çox intensiv şəkildə atəşə tutur. Ordu, çox güman Ukrayna ərazisində olan SOCAR-ın obyektlərindən də yanacaq ehtiyacını təmin etmək üçünistifadə edir. Buna cavab kimi baxmaq olar. Maraqlı detal isə odur ki, SOCAR ilə “Lukoil” arasında danışıqlar gedir. Bolqarıstanda “Lukoil”-in aktivlərini SOCAR almaq istəyir.
- Azərbaycanın Ukraynaya qaz ötürməsi dayandırıldı...
- Tam dayanmayıb, təmir işləri gedir.
- Ukraynanın enerji nazirinin açıqlaması vardı ki, bu, pilot layihə idi, müqavilə üçün danışıqlar gedir, amma hərbi təhdid var.
- Müqavilə yoxdur. İkincisi, bu bir az qəliz məsələdir. Açıq revers üsulu ilə Azərbaycan qazının Ukraynaya çatdırılması sağ qulağı sol əllə qaşımağa bənzəyir. Yəni, enerji çox ağır logistik zəncirvari bir yol getməlidir.
- O zaman bu dəstək daha çox simvolik məna daşıyır...
- Doğrudur.
- Xatırlayırsınızsa, bu yaxınlarda Azərbaycanın BTC vasitəsi ilə ötürülən nefti çirkləndirilmişdi. BP hələ də araşdırma aparıldığını bildirir. Rumıniya mətbuatı yazırdı ki, bu təxribatın arxasında Rusiya ola bilər. Bu barədə nə düşünürsüz?
- Məncə, burada yalnız Azərbaycan hədəfdə deyil. Son bir ildə Azərbaycan kəməri vasitəsi ilə ötürülən Qazaxıstan neftinin həcmi 60 dəfə artıb. Burada kim uduzur? Əlbəttə, Rusiya! Çünki Novorossiyskdə Qazaxıstanla Rusiyanın birgə müəssisəsi var idi. O müəssisə limandan Qazaxıstan neftini Cənub Xəzər Boru Kəməri vasitəsilə Rusiya üzərindən daşınmasını həyata keçirirdi. Rusiya burada maraqlıdır, çünki Qazaxıstan nefti ilə paralel olaraq, eyni kəmərdən gəldiyinə görə, Rusiya neftini də satmaq mümkün olurdu. Beləliklə, Qazaxıstan neftinin Azərbaycan üzərindən satışının artırılması Rusiyanın maraqlarına uyğun deyil. Yəni, yalnız Azərbaycan deyil, həm də Qazaxıstan da hədəfdə idi. Qazaxıstan bundan dərs çıxardı. Keçən ayın əvvəlindən başlayaraq Rusiya üzərindən satdığı nefti kəskin artırmağa başladı.
- Azərbaycan Rusiyadan taxıl alır, həmçinin burada bir çox istehsal müəssisələri xammalı bu ölkədən gətirirlər. Biz Kremlə çox yaxın şəxslər tərəfindən çağırışlar görürdük ki, Azərbaycanla iqtisadi əlaqələr dayandırılmalıdır. Prezidentin yuxarıda xatırlatdığımız çıxışında da şimaldan gələn təhlükələrə işarə edilir. Görünən odur ki, Rusiya Azərbaycana qarşı proksi müharibə aparır. Necə hesab edirsiz, bu prosesdə başqa alətlərdən də istifadə oluna bilərmi?
- Ümid edirəm ki, olmaz, bu bizim arzumuz və ümidimizdir. Amma təbii ki, hər şeyə hazır olmaq lazımdır. Azərbaycanın diplomatik dili bir az fərqlidir. Məsələn, indi Rusiya bir işarə versə, Azərbaycan cavab verəcək ki, Xəzərdə İran da var, İran işarə versə, Azərbaycan cavab verəcək ki, Rusiya da var... Amma dediyim kimi, Rusiya ilə hərbi toqquşmaların olması ehtimalı sıfıra yaxındır. Amma Rusiya Azərbaycandakı "yumşaq güc"dən istifadə edə, digər daxili problemlər qabardıla bilər. Bilirsiniz heç bir ölkənin daxilində problem olmasa, xaricdən onu qarışdırmaq mümkün deyil. Daxildəki problemləri həll edirsənsə, xaricdən bunu qarışdıra bilməzlər. Məsələn, Belçikanı daxildən necə qarışdırmaq olar? Mümkün deyil. Ona görə də Azərbaycanda daxildəki problemlər həllini tapmalıdır ki, xarici müdaxilələr – Qərb, Rusiya, İran fərqi yoxdur, vəziyyəti gərginləşdirə bilməsin.
- Dediyiniz əsas daxili problemlər hansılardır?
- Sosial, iqtisadi problemlər, demokratiya, insan haqları, məhkəmə qərarları və hüquqi məsələlər. Bunlar Azərbaycanda həllini gözləyən problemlərdir. Son zamanlarda isə sosial və iqtisadi məsələlər daha önə çıxıb, çünki biz kəskin şəkildə gerilik müşahidə edirik.
- Əvvəlcə iqtisadiyyatdan başlayaq. Neft ixracındakı problemlərdən danışdıq, hasilatda eniş davam edir, bu sektorda gözləntilər necədir?
- Azərbaycan neft hasilatının pik dövrünün artıq çoxdan arxada qaldığını təsdiqləyir. Biz hasilatın pik dövrünü 12–13 il bundan əvvəl keçdik. Amma belə bir ehtimal var idi ki, BP ilə və digər ölkələrlə hasilatı yenidən artırmaq perspektivləri var və bu, müzakirə olunurdu. İndi görünən odur ki, bu perspektivlər artıq yoxdur.
- Bu məqsədlə dənizə xüsusi hazırlanmış platforma da buraxılmışdı…
- Bəli. Ən yaxşı halda hasilatın sabitləşdirilməsi perspektivləri var. Pik dövründə 1 milyon barrelə yaxın neft hasil edirdiksə, indi kondensatla birgə hasil etdiyimiz neft 570–580 min barrel olur. İxrac etdiyimiz neftin həcmi azalır, çünki daxili tələbat da var. Onu çıxandan sonra xaricə satıla biləcək əmtəəlik neftin həcmi azalır. Bu da makroiqtisadi göstəricilərdə özünü aydın göstərir. Azərbaycan vaxtı ilə Cənubi Qafqazın lider dövləti olmasına baxmayaraq, indi ÜDM artımı və adambaşına düşən ÜDM həcminə görə sonuncu yerdədir. Bu ilin ilk yarısında Azərbaycanda ÜDM artımı 0.9 faiz olub, amma bu, faktiki olaraq artım deyil.
- Hökumət də illik iqtisadi artım proqnozunu 3.7 faizdən 3 faizə endirdi.
- Çünki başqa cür edə bilməzdi. Əgər azalmanı nəzərə almasaydı, daha yüksək rəqəmləri proqnozlaşdırmalı olardı ki, bu da vizual olaraq görünməzdi. Azərbaycan istər-istəməz iqtisadi göstəricilərdə ən azından xarici təşkilatlara qarşı hesabatlılığı nəzərə alaraq, statistik məlumatları düzgün aparmaq məcburiyyətindədir.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əlaqələr var və Azərbaycan gələcəkdə kreditə ehtiyac duyacaq. Bu təşkilatlar da daha şəffaf statistik məlumatlar tələb edirlər ki, gələcək müqavilələrdə bu nəzərə alınsın.
Mən düşünürəm ki, Azərbaycanın iqtisadi mənzərəsində qəribə bir situasiya yaranıb. Əlbəttə, bir müddət durğunluq yaranması mümkün idi. Çünki kəskin inkişaf dövrü olmuşdu – ÜDM 28–29 faiz artmışdı. Belə analoqu olmayan inkişaf mərhələsindən sonar, nəzəriyyəyə görə, durğunluq yaranır, sonra isə yüksəliş dövrü başlayır. Amma Azərbaycanda durğunluq yaşanır və bir neçə ildir ölkə yüksəlişə keçə bilmir. 0,9 faiz artım nəzəri olaraq iqtisadi artım hesab edilmir. İnflyasiyanın yaratdığı multiplikativ effekt nəzərə alındıqda, nəzəriyyəyə görə, iki faizədək olan artım artım sayılmır.
- Son illərdə Qarabağın bərpasına təxminən 22 milyard manata yaxın investisiya qoyulub. Bu vəsaitlərin ÜDM artımında rolu görünürmü?
- Əslində, Qarabağın yenidən qurulması və bərpası Azərbaycanın yeni iqtisadi drayverinə çevrilməli idi. Lakin Azərbaycanda iqtisadi model çox sadə və primitivdir. Əslində, qəliz deyil: neft var, Neft Fondu var, büdcə var, büdcə xərcləmələri və onların yaratdığı dalğavari effekt var. Problem ondan ibarətdir ki, Qarabağda büdcə xərcləmələri hesabına iqtisadi artım modelinə keçmək mümkün olmadı.
- Bunun səbəbləri nələrdir?
- Əsas səbəblərdən biri odur ki, orada istifadə olunan materialların çoxu xaricdən alınır. Xaricdən alınanda dövlət büdcəsindən ayrılan vəsait sadəcə valyutaya çevrilir və xaricə köçürülür. Hələ korrupsiyanı və yeyintiləri bir kənara qoyuram – bunlar Azərbaycanın xroniki xəstəlikləridir. Qarabağ tikilsə də, tikilməsə də bu xroniki xəstəliklər mövcuddur. Xarici şirkətlər işləyir, onlar öz mənfəətlərini götürürlər. Dost və qardaş ölkələr olsalar belə, fərqi yoxdur. Otel tikilirsə, otelin mebelindən tutmuş qab-qacağına qədər hər şey xaricdən alınır və bu, dövlət büdcəsindən ayrılan vəsaitin valyutaya çevrilib ölkədən çıxmasına səbəb olur. Nəticədə iqtisadi effekt yaranmır.
- Qarabağ regionu hələ də ölkənin iqtisadi drayveri olmaq imkanını saxlayırmı, yoxsa artıq əldən çıxıb?
- Məncə, hələ də imkan itirilməyib, çünki bundan sonra da Qarabağın bərpasına on milyardlarla vəsait lazımdır.
- Əsas məsələ tikinti-bərpa, məskunlaşma prosesi üçün seçilən yanaşmadır. Bunu necə qiymətləndirirsiz?
- Hazırkı yanaşma düzgün deyil. Yanaşma dəyişsə, Qarabağ drayverə çevrilə bilər. Mən bir dəfə məqaləmdə də yazmışdım ki, Azərbaycan Qarabağın inkişaf modeli üçün ABŞ-nin 30-cu illərdəki modelinə baxmalıdır. Həmin dövrdə dövlət investisiyaları hesabına iqtisadi artım modeli yaradılmışdı. ABŞ-də sistem tətbiq olunanda razılaşdırılmış yanaşma var idi: Konqres, Senat və Prezident kiçik və orta sahibkarlığa, yeni kiçik şirkətlərə dövlət sifarişləri verdi. Beləliklə, 200 mindən çox şirkət dövlət sifarişi aldı: biri rels istehsal etdi, biri şlaqbaum, biri şeben və sair. Bu, multiplikativ effekt yaratdı, iqtisadi drayver oldu və iş yerləri artdı. Bu gün Amerikada gördüyümüz böyük infrastruktur layihələri həmin dövrdə çəkilib: Sakit okeanı Atlantik Okeana bağlayan yollar şəbəkəsi və s. İkinci Dünya müharibəsi zamanı isə silah istehsalı artdı. Bu, Amerikanı həm resessiyadan çıxardı, həm də dünyanın birincisi etdi. Azərbaycanda da buna bənzər bir yanaşma olmalı idi. Hələ də gec deyil. Bu gün xərclədiyimiz vəsaitin beş qatını gələcək 15 ildə xərcləməliyik. Yüzlərlə, minlərlə iş adamına dövlət sifarişlərinin çatdırılması mexanizmi yaradılmalıdır. Sadə model vasitəsilə büdcə xərcləri kiçik və orta sahibkarlara paylana bilər. Belə bir model yaradılarsa, Qarabağın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması iqtisadiyyata can verər və “qan dövranını” artıra bilər. Təəssüf ki, hələlik bu istiqamətdə addımlar görünmür.
(Davamı var)
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.