EN

Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Laçın, 22 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Laçın rayonunda Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani çıxış edib

Kamran Əliyev bildirib ki, tədbir həm hüquqi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət, böyük dəyər kəsb edir."Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu təşəbbüs əslində böyük anlam kəsb etməklə suverenliyimizin əldə olunması, eləcə də hüquqi dövlət quruculuğu ilə bağlı tariximizə olan ehtiramın göstəricisi və onun əbədiləşdirilməsi istiqamətində atılmış böyük bir addımdır".

Baş prokuror qeyd edib ki, hər bir hüquqi dövlətin Konstitusiyası onun üstün qüvvəyə malik ali hüquqi sənədi hesab edilir: "Dövlətin quruluşunu, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirən bu mühüm sənəd qanunvericiliyin formalaşdırılması və inkişafında önəmli rola malikdir.1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü (1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də, 1978-ci il aprelin 21-də) Konstitusiyadır. Belə ki, Azərbaycan Konstitusiyasının yaranması tarixi SSRİ dövrünə təsadüf edir və əvvəlki 3 redaksiya məhz həmin dövrlərdə qəbul edililib".

Kamran Əliyev deyib ki, Konstitusiyamızın təkamül tarixindən bəhs edərkən həyatı boyu Azərbaycan xalqına, Vətəninə bağlı olub, ona sədaqətlə xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin irsi xüsusi olaraq qeyd edilməlidir:"Belə ki, əvvəlki Konstitusiyalarımızdan fərqli olaraq məhz Ulu Öndərin rəhbərliyi altında hazırlanmaqla, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasının “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi".

Baş Prokuror, həmçinin bildirib ki, onilliklər boyu işğal altında olmuş Laçında beynəlxalq səviyyəli konfransın keçirilməsi və bu qürur dolu anları yaşamaq Prezident İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətinin nəticəsidir:"Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə suverenliyini elan etsə də, onun reallaşdırılması uzun bir mübarizə nəticəsində mümkün olub. Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə, eləcə də müharibədən sonra Qarabağda Ermənistanın rəhbərliyi tərəfindən silahlandırılmaqla fəaliyyət göstərən separatçı rejimin qalıqlarının 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində məhv edilməsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib və Azərbaycan dövlətinin suverenliyi tam bərpa olunub".

Daha sonra nümunəvi xidmətlərinə görə azad olunmuş ərazilərdə xidmət aparan bir sıra əməkdaş təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
2
azertag.az

10Sources