"30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünü yaşayır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna 8 dəfə səfər edib. İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrası əsas görülən işlər sırasındadır. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. 2025-ci ildə Laçın rayonunun Zerti kəndində "Laçın" İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan "Laçın" İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir".