Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji və hidrogeoloji tədqiqat işlərinə başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, hidroloji məlumat bazasının yaradılması üzrə ilkin müəyyənləşdirmə işləri aparılıb. Bazada çaylar, göllər və su anbarları üzrə məlumatların daxil edilməsi və saxlanılması nəzərdə tutulub. Hidroloji məlumatlar Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan, hazırda Siların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə təhvil-təslim prosesində olan məlumat bazasında toplanılıb.
Hidroloji illik məlumatların elektron formatları həmin bazadan ixrac olunaraq təhlil üçün hazırlanma prosesindədir. Məlumat bazası portal üzərindən formalaşdırılıb. Növbəti mərhələlərdə bu platforma ADSEA-nın mövcud və qurulması nəzərdə tutulan CİS əsaslı proqram təminatlarına inteqrasiya ediləcək. Kompleks hidroloji tədqiqatların aparılmasının təmin edilməsi üçün hidroloji rejim-müşahidə şəbəkəsi üzrə əvvəlki materialların təhlili əsasında təkliflər hazırlanıb.