Azərbaycanlı cüdoçu Zülfiyyə Hüseynova bu ilin may ayında, 54 yaşında veteranlar arasında 7-ci dəfə Avropa çempionu olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli cüdoçu prosport.az saytına geniş müsahibə verib. O, müsahibədən maraqlı hissələri sizin diqqətinizə çatdırırıq.
– Bu ilin noyabrın 3-də Fransanın paytaxtı Parisdə dünya çempionatı keçiriləcək. İştirak edəcəksiniz?
– İnşallah, pul olsa, sponsor tapsam, iştirak edəcəyəm. Çünki bu Avropa çempionatına özüm pul verib gəlmişdim. Yalnız Fərhad Rəcəbli federasiyanın maliyyəsi hesabına yarışa qatılmışdı. Ümumi sıralamada Azərbaycan olaraq 5-ci yeri tutduq. Bu, çox yaxşı nəticədir.
– Oktyabrın 15-də 55 yaşınız tamam olacaq. İldən ilə güləşmək çətinləşmir?
– Əlbəttə ki. Yaş və mənim travmalarım öz sözünü deyir. Mən başqaları kimi yaşımı kiçiltmirəm. 54 yaşım var. 15-20 yaşım yoxdur ki. Halbuki bu yaşda keçdiyim məşqlərlə 20 yaşındakılara "fora" verirəm. Amma adam danışanda, gərək haqqı danışsın. 20 yaşında olduğun kimi indi güləşə bilmirsən. Bu təbii olan bir şeydir.
– İdmandan kənar da suallar vermək istəyirəm. Sizi mən həm də Dövlət Gömrük Komitəsinin (DGK) mayoru kimi tanıyıram...
– Xeyr. Mən ötən ilin noyabrın 29-dan təqaüddəyəm. Mənim DGK ilə heç bir bağlılığım yoxdur. Orada kifayət qədər işləmişəm.
– Azərbaycan Voleybol Federasiyasına DGK sədri Şahin Bağırov rəhbərlik edir. Sizə heç bu federasiyada iş təklifi edilib?
– Şəxsən mən DGK-da işləyəndə də, onlar bir barmağa da "izolent" bağlamayıb. Ona görə mən bilmirəm. Ola bilsin ki, kiməsə nəsə kömək edirlər. Amma şəxsən mən Las-Veqasa gedəndə həkimim Nigar xanım köməklik etmişdi. Nəyim də olmasa, mən ağa ağ, qaraya qara deyən adamam. Həmd olsun Allaha ki, heç kimdən də nə çəkinəcəyim, nə qorxacağım var. Nəyi var onu deyirəm... Vallahi-billahi deyirəm ki, oradan ayrılmağıma o qədər sevinirəm ki. Beynim çox rahatdır. Ayrılmağımda bir rahatlıq tapmışam. Bilsəydim, daha tez oradan ayrılardım (gülür).
– Siz bir ara paracüdoya da qatıldınız. Amma sanki siz özünüz də hiss elədiniz ki, ora sizin üçün yaddır...
– Xeyr. Yad deyil. Əvvəl B3 kateqoriyası (qismən görmə məhdudlu cüdoçular) var idi. B3-ə mən avtomatik düşürdüm. Mən B3-lə B2-nin arasında idim. Amma sağ olsunlar, bəzi sənədlərimi hazırlamadılar. Yarışlara keçmək üçün də həmin sənədlər lazım idi. O sənədləri yığana qədər vaxt da keçdi. Ona görə yarışlara keçə bilmədim və mən də paracüdoda iştirakımı dayandırdım... Eynəyim həmişə üstümdədir. Nə zaman istəsələr, həkimdən də keçib yoxlanmağa hazıram. Orada ən böyük uğurum komandalararası dünya çempionatında 3-cü yer tutmaq oldu.
– Çoxdan müşahidə edirəm ki, mükafatlandırılma mərasimləri zamanı şəkillərdə düz kameranın obyektivinə yox, daha çox sola və ya sağa, aşağı və ya yuxarı baxırsınız. Bu, dini baxışlarınızla bağlıdır?
– Bəli. Allahdan gizli deyil ki, bəndədən də gizlədim. Mən şəkil çəkdirməyi sevmirəm. Yalnız sənəd üçün şəkil çəkdirəndə kameraya baxıram. Xoşu gəlməyən baxmasın. Mən o yana, bu yana baxıram. Əgər müsəlman ölkəsində yaşayıramsa, İslam dinindəyəmsə, nəyi var onu da deyirəm. Mən niyə yalandan deməliyəm ki, buna görə deyil. Bəli. Bu, dini inancıma görədir.
– Ancaq Avropada İslam dinini dərindən bilmirlər. Şəkil çəkdirəndə fotoqraflar deyirlər ki, düz baxın?
– Öz problemləridir. Hətta videoda baxsanız, görərsiniz ki, medal verilərkən əllə görüşəndə geri çəkilib əlimi sinəmə vururam. Mən əlimi də heç kimə vermirəm. Yaza bilərsiniz. Bəzi nazirlərin də xoşuna gəlmir ki, mən niyə onlarla əllə görüşmürəm, mənə sifət edirlər. Üzümü burdan tutub həmin nazirlərə deyirəm ki, mənim üçün Allahın hökmü yanında sizin ağcaqanadın qanadı qədər dəyəriniz yoxdur. Ona görə də mən heç kimlə əllə də görüşmürəm. Kimliyindən asılı olmayaraq. Bu, Allahın mənə buyurduğu hökmdür. Onlar özləri də araşdıra bilər ki, qadınla görüşməkdə ən çox günah kişiyə düşür. Hələ bilsələr ki, onları cəhənnəm odundan qurtarıram, bəlkə də mənə "sağ ol" deyərlər.
– Dediniz ki, DGK-dan ayrılmısınız. Maliyyə məsələləri ilə bağlı yarışlara getməyi qarşılamaq çətin olmayacaq?
– İşdən çıxmışam deyəndə, dövlətdən pensiyamı alıram. Bir müddət sonra mətbuat konfransı keçirmək, ancaq bunu canlı şəkildə etmək istəyirəm. Çünki canlı görüntünü heç kim kəsə bilməsin, heç kəs müdaxilə etməsin. Sözümü orada deyəcəyəm. Çünki idmanda nöqtə qədər də olsa xidmətim olub. Yəqin ki, bundan sonra mənimlə bağlı bir şey fikirləşərlər. Sadəcə, hələ gözləyirəm. Konfrans keçirəndə, bax, partlayış onda olacaq. Hazırda həyat yoldaşım rəhmətə gedib deyə, başım qarışıqdır. Ancaq konfransı mütləq keçirəcəyəm. Bu belə qalmamalıdır. Gənclər və İdman Nazirliyi niyə neçə vaxtdır ki, mənim harada olmağımla maraqlanmır?! Niyə idmançı onlara iş üçün müraciət etməlidir? Ağlamayana çörək yoxdur? Allah mənə ruzi yazıbsa, heç kim onun qarşısını ala bilməz. Ruzi yazılmayıbsa, 2 dünya 1 olsa da, mən onu qazana bilmərəm.
– 2022-ci ilin dekabrında sizin dopinqə görə AMADA tərəfindən 2 illik cəzalandırıldığınız bəlli oldu. Cəzanız 15 iyun 2023-cü ildə başa çatdı. Bu məsələ necə olmuşdu?
– Mənim üçün "torba tikilmişdi". Ancaq Allah da şahid oldu ki, günah məndə deyil. Mən bu məsələnin sonunadək getdim. Özümə arxayın olduğum üçün B testi verməyimi tələb etdim. Protest verdim. Ona görə də cəzamı 2 ilə endirdilər. Bunu yadıma salıb yenidən stress keçirmək istəmirəm. Onu edənin Allah bəlasını versin. Son nəfəsimə kimi bunu deyəcəyəm. Tək 2 ilim getmədi, bu hadisə mənim idmanımın altını üstünə çevirdi. Dopinqə dünyada hər idmançı düşə bilər. Ancaq bir şeyi mən etmişəmsə, silahı başıma da dirəsələr, deyərəm ki, əcəb etmişəm. Məndə elə şey yoxdur ki, etdiyim şeyi danım. Elə belə şeylərə görə ömrü boyu başım bəla çəkib. Çünki sözün düzünü bu dünyada 1-2% insan qəbul edər, ya yox. Bəlkə də Allah belə etdi ki, günahlarım onlara yazılsın.
– Sizcə, bunu kim edib?
– Bu, əvvəlki AMADA rəhbərliyinin vaxtında olub. Amma heç kimin haqqına girə bilmirəm. Əlimlə tutmamışam deyə konkret ad çəkə bilmirəm. Ancaq bunu mənə hər kim etdisə, onu Allaha tapşırıram. Allah da heç vaxt mənim heç bir duamı geri çevirməyib. Alacağım o dünyada olsun. İdmanda damla axıtdığım təri belə, heç kimə halal etmirəm. Mən cavanlığımı, sağlamlığımı bu idmana verdim. Qoy mənim sağlamlığımı geri qaytarsınlar, mən də idmandan çəkilim. Ona görə də gözümün işığı olsa belə, ona halallıq vermərəm. Mənimlə məşq edən qızlar görür ki, nə qədər əziyyət çəkirəm. Bütün hər tərəfim – oynaqlarım sınıq-salxaqdır. Amma bu mənim hobbimdir, çox sevdiyim şeydir. Kimsə nədənsə zövq alırsa, mən də güləşməkdən həzz alıram.