EN

Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək -Politoloq

Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır.
Ermənistanın “Respublika Meydanı” Teleqram kanalı məsələ ilə bağlı Paşinyandan sitat gətirib: “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.
“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək. “Paşinyan və komandası “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, sözügedən kəndlərin təhvil verilməsi Azərbaycan üçün həm diplomatik, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Anklavların Azərbaycana qaytarılması həm ölkəmizin ərazi bütövlüyünün möhkəmlənməsinə xidmət edir və uzun illərdir ki, müzakirə mövzusu olan demarkasiya prosesinə ciddi töhfə verir. 

Eyni zamanda, bu qərar Azərbaycanın Zəngəzur dəhlizi üzərindəki mövqeyini gücləndirir və bölgənin açarlarının Azərbaycan nəzarətinə keçməsini təmin edir. 

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bu məsələnin  Ermənistan–Azərbaycan sülh prosesində kritik mərhələ hesab olunduğunu deyib: 

 “Ermənistan mediasında yayılan məlumatlar göstərir ki, Paşinyan hökuməti anklavların qaytarılması mövzusunu artıq gündəmə gətirib. Anklavların geri qaytarılması beynəlxalq hüququn tələbidir və İrəvanın sülhə real yanaşmasını təsdiqləyən addım ola bilər. Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin qaytarılması texniki baxımdan o qədər də mürəkkəb görünmür. Lakin Kərki kəndi tamamilə strateji xarakter daşıyır. Çünki həmin kəndin nəzarəti avtomatik olaraq Ermənistan–İran yoluna çıxış deməkdir. Ermənistan mediasının panikaya düşməsinin səbəbi də budur. Onlar yaxşı anlayırlar ki, Kərki Azərbaycanın nəzarətinə keçərsə, Sünik faktiki olaraq Azərbaycanın mövqeləri ilə çevrələnəcək. Bu, Zəngəzur dəhlizinə paralel bir nəzarət mexanizmini işə salır. Tehran isə belə bir ssenaridən ciddi narahat olacaq. Çünki İranın Ermənistan üzərindən Avrasiya məkanına çıxış imkanları məhdudlaşa bilər. Tehran uzun illərdir ki, Zəngəzur dəhlizi ideyasına şübhə ilə yanaşır. Onlar bu layihəni ABŞ və Türkiyə-Azərbaycan tandemi tərəfindən bölgədə İranın təsirini sıxışdırmaq cəhdi kimi görür. Əgər Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək. İqtisadi və diplomatik təzyiqlər gündəmə gətirilə bilər. Lakin Tehran reallığı dəyişdirə biləcək gücə sahib deyil. Azərbaycan beynəlxalq hüququn tələbini icra edir. Ermənistan isə sülh müqaviləsini imzalaya bilmək üçün bu addımı atmağa məcburdur”.

 İranın narahatlığının başadüşülən olmadığını vurğulayan politoloq qeyd edib ki,  regionun geosiyasi gerçəkləri dəyişib. Bu dəyişikliklərdən ən çox qazanan tərəf isə  Azərbaycan olacaq: 
“ İrəvan üçün seçim sadədir: ya anklavları qaytarmaqla sülhə addım atmaq, ya da təcridi daha da dərinləşdirmək. Tehran isə yalnız müşahidəçi rolunda qalmağa məhkumdur. Azərbaycanın iradəsi və beynəlxalq hüququn tələbi isə dəyişməz qalır. Bu reallığı heç bir ölkə, o cümlədən İran poza bilməz”.
Chosen
25
sherg.az

1Sources