EN

“Azərişıq” ASC-nin  Ümumrespublika Peşə Ustalığı Yarışlarının növbəti finalçısı bəlli oldu

“Azərişıq” ASC-nin 10 illiyi münasibətilə paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən “Ümumrespublika Peşə Ustalığı Yarışları”nın növbəti regional turu Sumqayıtda təşkil edilib.

ASC-dən  Bakıvaxtı.az-a bildirilib ki, regional turun açılış mərasimi Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) reallaşıb.

Tədbirdə çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə diqqətə çatdırıb ki, paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən “Ümumrespublika Peşə Ustalığı Yarışları” mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirir. Onlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan islahatlar, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən son 5 ildə həyata keçirilən irimiqyaslı layihələr barədə geniş məlumat əldə edirlər.

Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Sumqayıt RETSİ üzrə 4 komanda – “Sumqayıt Elektrik Şəbəkəsi (EŞ)”, “Bağlar Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ)”, “Qobustan EŞ” və “Xızı EŞ” nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 suala cavab tapmağa çalışıblar.

Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.

Komandaların hər iki mərhələdə topladıqları balların nəticələrinə əsasən Sumqayıt RETSİ üzrə keçirilən regional turun qalibi “Bağlar ETSİ” olub. Beləliklə, komanda paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən “Ümumrespublika Peşə Ustalığı Yarışları”nın Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.

Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

Chosen
45
26
bakivaxti.az

10Sources