EN

İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət İmişli rayonu ərazisində 450 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na yola salınıb.

Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.

Xatırladaq ki, bir neçə gün öncə Füzuli və Samux rayonu ərazilərində də istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib. Ötən il isə eyni proses müvafiq olaraq Beyləqan və Ağstafa rayonlarında da icra olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası” yaradılıb. Komissiya tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Plana əsasən, bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.

Bu çərçivədə AQTA tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində yararsız və qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Ölkə üzrə istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi prosesi strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvan və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.

Chosen
16
18
xalqqazeti.az

10Sources