EN

HƏKİM SPİRTLİ İÇKİ İLƏ BAĞLI XƏBƏRDARLIQ ETDİ-DİQQƏT!


Yay mövsümündə dəniz kənarında istirahət edən insanların bir qismi spirtli içki qəbul etməyi adətə çevirib. Hətta içkili halda dənizə daxil olanlar da az deyil.

 

Halbuki spirtli içkilər isti havada orqanizmə ikiqat zərər vurur: həm bədənin susuzlaşmasını sürətləndirir, həm də ürək-damar və sinir sisteminə əlavə yük salır. Bu da dənizdə boğulma riskindən başqa, ciddi tibbi fəsadlara yol aça bilər. Mütəxəssislərin fikrincə, içkinin təsiri altında insan özünü daha güclü hiss etsə də, əslində bədəni zəifləyir. 

 

Bəs spirtli içkinin yayda, xüsusən də dəniz qırağında sağlamlığa hansı təhlükəli təsirləri var?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, spirtli içkilərin insan sağlamlığına mənfi təsirləri uzun müddətdir sübut olunub.

 

 

 

Onun sözlərinə görə, xüsusən də, yay aylarında və isti havalarda dəniz qırağında spirtli içkilərin içilməsi insan orqanizminə ikiqat mənfi təsir göstərir:

 

“Spirtli içkilərin ümumi zərərləri daha çox qaraciyər üzərindən olur çünki spirt qaraciyər hüceyrələrini zədələyir və yağlı hepatoza, hepatitə və uzun müddət istifadə olunanda qaraciyər sirrozuna gətirib çıxara bilir. Bundan başqa, arterial təzyiqi yüksəltdiyi üçün ürək-damar sisteminə mənfi təsir göstərir, ritm pozuntusu əmələ gətirir ki, uzun müddət istifadədə miokard infarktı kimi ağır vəziyyətə səbəb olur.  Eyni zamanda, isti havada spirtli içkilərin istifadəsi zamanı orqanizmdə sürətli su itkisi baş verir, beləliklə bir çox mikroelementlərin balansı pozulur”. 

 

Həkim nəzərə çatdırıb ki, mənfi təsirlər arasında ən vacibi sinir sistemi ilə bağlıdır:

 

“Bütün bunlarla yanaşı, spirtli içki sinir sistemini də ciddi şəkildə pozur. Sinir ucluqlarını zədələyir, koqnitiv funksiyaların zəifləməsinə, yaddaş və diqqətin zəifliyinə, hətta depressiv hallara da yol aça bilir. Belə olan halda, üzmə zamanı qorxu hissinin olmaması səbəbilə daha dərinə üzmək istəyi yaranır, şüursuz şəkildə dənizin axınına qapılırlar və boğulma halları baş verə bilir”. 

 

Firuzə Əliyeva 



Chosen
4
azia.az

1Sources