Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb.
Dövlət başçısı onlarla görüşü zamanı müxtəlif məsələlərə, eyni zamanda vaxtilə Ermənistana pulsuz silah verilməsindən danışıb.
Prezident Ermənistana 44 günlük Vətən Müharibəsi və antiterror əməliyyatı zamanı verilən silahların əsl məqsədini də açıqlayıb.
"İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın” - deyə İlham Əliyev sakinlərlə görüşdə vurğulayıb.
Müharibə dönəmində Ermənistana 5-6 milyard dollarlıq silahlar hansı ölkələr tərəfindən verilmişdi?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Qarabağ Müharibəsindən bu günə qədər Ermənistana verilən silahlar əsasən Rusiya tərəfindən göndərilib:
"44 günlük Vətən Müharibəsi və ondan sonra həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin 6 milyard dollarlıq silah-sursat, texnika, avadanlıq və vasitələrini sıradan çıxarıb və ya onları qənimət olaraq ələ keçirib. Təbii ki, Ermənistanın heç vaxt belə miqdarda hərbi təyinatlı vasitələr əldə etməsi üçün maddi imkanları olmayıb. Bu maliyyə imkanları əsasən Ermənistanı dəstəkləyən, münaqişənin həllinə əngəl olan ölkələr tərəfindən həyata keçirilib. Qarabağ Müharibəsindən bu günə qədər Ermənistana verilən silahlar əsasən Rusiya tərəfindən göndərilib. Onların əksəriyyəti isə SSRİ dövründə istehsal edilmiş və bəziləri isə xidmət müddətini başa vurmağa az qalan bir vasitələr olub:
Hərbi ekspert qeyd edib ki, Ermənistanın məruz qaldığı hərbi itkiləri bu ölkənin hərbi büdcəsinin ən azı iki qatına yaxın idi, çünki Rusiyadan başqa onların silahlanmasında Fransa, Hindistan, Çin kimi anti-Azərbaycan fikirli dövlətlər iştirakçı olub:
"Ermənistanın silahlanmasında az dərəcədə Fransa, Hindistan, Çin hərbi vasitələri mövcud olsa da, onların müharibə vaxtı istifadəsinə rast gəlmədik. Bu isə ondan qaynaqlanır ki, Ermənistan həmin vasitələri Qarabağ ərazisinə yeritməyə risk etmədi, onların da digər texnikalar kimi sıradan çıxarılması ehtimalı çox yüksək idi. Ümumilikdə isə, müharibə zamanı Ermənistan tərəfinin məruz qaldığı texnika, vasitə və avadanlıq itkiləri bu ölkənin hərbi büdcəsinin ən azı iki qatına yaxın idi. Xatırladıram ki, sözügedən itkilər yalnız Azərbaycan tərəfindən sıradan çıxarılan, əlimizdə görüntüləri və digər sübutları olan vasitələrdir. Reallıqda isə bu rəqəmin bir qədər də artıq olması ehtimalı böyükdür".
Mikayıl Mirzəzadə