EN

Kaşqarın ürəyi Köhnə şəhərdə gəzinti

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kaşqar, 21 avqust, Günel Alıyeva, AZƏRTAC

Burada hər şey Şərq ədviyyatının ətri hopmuş, qədimlik qoxusunu və təndirdə bişmiş kökələrin nəfis şirinliyini ehtiva edən havadan başlayır. Yerli sakinlər deyirlər ki, Kaşqarın ürəyi olan Köhnə şəhərdə olmasan, bu məkanın ab-havasını hiss edə bilməzsən...

AZƏRTAC-ın müxbiri “China News Service” agentliyinin Sintszyan bölməsi tərəfindən təşkil olunan mediatur çərçivəsində Kaşqarda olub. Səfər “Kaşqar – Mərkəzi və Cənubi Asiya” adlı illik beynəlxalq ticarət sərgisinə həsr olunub. Həmin tədbir Çinin bu qədim şəhərində biznes nümayəndələri, investorlar və jurnalistləri bir araya gətirib.

...Köhnə şəhərdə sanki zaman məfhumu yox olub. Darısqal küçələr, döngələrin labirinti, taxta eyvanları olan gildən tikilmiş evlər diqqəti cəlb edir. Burada öz sənətinin sirlərini xələflərinə ötürmüş ustalar – dulusçular, dəmirçilər, taxta üzərində naxışlar işləyən sənətkarlar yaşayırlar. Küçələri gəzərkən, sanki hər addımda tarixin pıçıltılarını eşidirsən. Səyyahlar burada qədimdən məskunlaşmış ailələrin tarixçəsi ilə qarşılaşır.

Kaşqarın Köhnə şəhəri 1,57 kvadrat kilometr ərazini əhatə edir və 20 mindən çox ailənin yaşadığı yerdir. Bu tarixi rayon zəngin mədəniyyəti və bənzərsiz ənənələri ilə məşhurdur, görməli yer kimi şöhrət qazanıb.

2015-ci il iyulun 20-də Köhnə şəhər 5A kateqoriyalı turizm zonası statusu alıb və açıq səma altında “canlı muzey”ə çevrilib. Turistlər təkcə tarixi abidələrdən deyil, həm də rəngarəng tamaşalardan - dəvə karvanlarının yürüşü, “Qərb bölgəsi şahzadəsinin bəy seçimi” şousu, Xan bazarında qastronomik festivallardan həzz ala bilərlər.

Burada “Təəssürat” küçəsi, dəmirçi emalatxanası, ənənəvi uyğur tibb bazarı, papaq bazarı, Qurban bayramı meydanı, min ildən çox yaşı olan qədim Ustanqboy küçəsi və bir əsrlik çayxana kimi unikal mədəni irs obyektləri qorunub saxlanılıb. Amma bütün bu müxtəliflik arasında minlərlə insanın qəlbini fəth edən bir məkan var və Kaşqar ilə tanışlıq məhz buradan başlayır. Bu, şəhərin mənəvi mərkəzi olan əzəmətli İydgəh məscididir.

İydgəh məscidi – şəhərin mənəvi mərkəzi

1442-ci ildə Min sülaləsi dövründə tikilmiş İydgəh məscidi Çinin ən böyük İslam ibadətgahı və milli mədəni irs obyektidir.

Ümumi sahəsi 16800 kvadratmetr olan kompleksdə ibadət zalı, həyət, dəstəmaz otaqları, azan minbəri var. 2013-cü ildə Sincan-Uyğur Muxtar Rayonu hökuməti tərəfindən məscidə bağışlanan Hotan xalçası xüsusi dəyərə malikdir. Onun üzərində xalqların birliyinin simvolu kimi bir-birinə qarışan 56 naxış var. Hər cümə günü minlərlə dindarın toplaşdığı bu məscid bölgənin mühüm mənəvi mərkəzidir.

Səfərimiz günü İydgəh məscidi insanlarla dolu idi: möminlərin yanında əllərində fotoaparat və dəftər olan çoxsaylı turistləri görmək olardı. Onlar sanki əsrlərin nəfəsini almağa çalışır, qədim qapılara, naxışlı divarlara, tağlara maraqla baxırdılar. İçəridəki ab-hava əzəmət və əmin-amanlığın vəhdəti ilə heyrətamiz idi. Məscidin astanasını keçən kimi, artıq küçədəki səs-küy arxada qalır. Onun daxilindəki boşluq sükutla nəfəs alır, insanda müqəddəs yerə hörmət hissi yaranır. Burada xüsusi bir mənsubiyyət hissi yaranır, sanki gündəlik həyatdan daha böyük yasamın bir hissəsinə çevrilirsən. Kiminsə gözlərində ehtiramlı bir həyəcan var, kimsə sadəcə gözlərini bir anlıq bağlayır və bu məkanda ruhla təmasa can atır.

Şərq bazarında gəzinti

Məsciddən çıxıb Köhnə şəhərdə bir neçə addım atırsan və sanki özünü başqa bir aləmdə - İpək Yolu dövründə, yüz illər əvvəl olduğu kimi həyatın tam sürətlə axıb getdiyi səs-küylü Şərq bazarı dünyasında tapırsan. Burada hər bir guşə həyat və adət-ənənələrlə doludur: dəmirçi emalatxanasından qığılcımlar saçılır, hava otların ətri ilə doludur, piştaxtalarda isə naxışlı araqçınlar göz oxşayır. Bir neçə ayrı bölməyə bölünmüş bu bazarda siz təkcə suvenirlər almaqla kifayətlənmirsiniz, həm də sözün əsl mənasında tarixlə təmasda ola bilərsiniz. Bunun üçün yerli sakinlərin nəsildən-nəslə ötürdüyü sənətkarlığa baxmaq kifayətdir. Bazarda gəzinti zamanda maraqlı səyahətə çevrildi, bu barədə sizə daha ətraflı danışmaq istərdim.

Dəmirçi bazarı – sənətkarların canlı irsi

Əvvəlcə dəmirçi bazarının yanında dayandıq, burada dəmir sənətkarların bacarıqlı əllərində formalaşır. Qapının ağzından sanki əsrlərdir burada davam edən çəkicin zindandakı ritmik cingiltisi eşidilir. Açıq havadakı bu dəmirçi emalatxanasında özünüzü həqiqətən keçmişdə hiss edirsiniz: qızmar soba, dəmirdən çıxan qığılcımlar, ənənəvi önlük geyinmiş dəmirçilər və dəmirin döyülməsi möcüzəsini görmək üçün ocağı əhatə edən maraqlı turistlər.

Yerli sakinlər uzun müddət dəmirçiliklə məşğul olub, qədimlərdə karvanları və yaşayış məntəqələrini alət və silahlarla təmin ediblər. İnsanlar bu sənətlə dolanırdı. Bu gün bazar həm emalatxana, həm də açıq səma altında muzey kimi xidmət edir və qədim vaxtlarda sənətkarların necə çalışdığını aydın şəkildə nümayiş etdirir.

Ənənəvi uyğur təbabəti bazarı – otlardan ibarət xəzinə

Bazar labirintində daha da dərinlərə gedərək özümüzü ənənəvi uyğur təbabətinin bir cərgəsində tapdıq. Bu, qədim biliklərin saxlandığı xüsusi bir guşədir. Hava onlarla göyərti və ədviyyatın ətirli qoxusu ilə doludur: quru yovşan, zəfəran, darçın və bizə tanış olmayan bir çox başqa bitkilər. Piştaxtalarda köklər, qurudulmuş giləmeyvə, tozlar və şüşə qablarda eliksirlər səliqə ilə düzülüb.

Amma bizim üçün ən heyrətamiz kəşf satıcıların “yürək” adlandırdığı meyvə oldu. Kələ-kötür qabığı olan parlaq narıncı meyvələr diqqəti cəlb edirdi. Bəzi meyvələr qırıldı və şirəli qırmızı toxumları ortaya çıxdı. Satıcı marağımızı görüb təbəssümlə bizə qeyri-adi neməti dadmağı təklif etdi. Dadı turşməzə olan bu meyvə qatı və təzə idi.

Sonradan öyrəndik ki, “yuyuba” meyvəsi də adlandırılan bu nemət müalicəvi xüsusiyyətlərinə görə qiymətləndirilir və yerli həkimlər tərəfindən geniş istifadə olunur. Kaşqarın hədiyyəsi olan bu inanılmaz yeni daddan həzz almaq üçün mehriban satıcıdan bir neçə meyvə aldıq.

Araqçın bazarı – hər addımda rast gəlinən naxışlar

Növbəti dayanacağımız rəngli naxışlara qərq olan bazarın kiçik bir hissəsini təşkil edən araqçın bazarıdır. Ardıcıl olaraq onlarla piştaxtada hər çeşiddə kələk araqçınları səliqə ilə düzülüb, onları rəflərdən və divarlardan asılıb. Hansı araqçına baxacağını bilmirsən; ağ saplarla işlənmiş klassik qara məxmər doppalar, nəbati motivli parlaq ipək papaqlar və həndəsi ornamentləri olan sərt araqçınlar göz oxşayır.

Satıcılar sizi onlardan hər hansı birini başınıza qoymağa dəvət edir, biz isə güzgüyə baxaraq bu yüngül naxışlı araqçınları bir-bir nəzərdən keçiririk. Hər bir papaq fərqli şəkildə uyğun gəlir; deyəsən, onu geyinəndə yerli həyatın bir hissəsinə çevrilirsən, burada qoca bir uyğuru və ya gənc uşağı bu kiçik araqçınsız təsəvvür etmək çətindir.

Məlum oldu ki, araqçın (uyğur dilində “doppa”) sadəcə suvenir deyil, mədəni kimliyin mühüm simvoludur. Bizə dedilər ki, ekspertlər doppadakı naxışlara görə mənşə bölgəsini, hətta sahibinin ailə vəziyyətini müəyyən edə bilərlər. Buradakı araqçınların əksəriyyəti əl işidir.

Araqçın bazarında bizi təkcə naxışlı baş geyimləri deyil, həm də ənənəvi uyğur naxışlı parlaq yaylıqlar əhatə edirdi.

Bazarı əliboş tərk etmədik, hər kəs bir şey aldı: araqçın və ya yaylıq. Razı qalan tacirlər bizi bazardan yola salaraq hərarətlə əlimizi sıxdılar, yolumuza salamatlıq arzuladılar.

Bazarları gəzməyimiz əsl bayrama çevrildi. Dəmirçi çəkicinin cingiltisini eşitdik və sənətkarların canlı iş prosesini gördük, onlarla nadir otların ətirlərini ciyərimizə çəkdik. Bazarlıq etdik, güldük, təəccübləndik və yerlilərin sayəsində onların mədəniyyəti ilə tanış olduq. Bu bazarlar yalnız ticarət sıraları demək deyil, onlar tarixin hər səsdə və hər naxışda yaşamağa davam etdiyi şəhərin ürəyidir. Səs-küylü bazarı tərk edərək, biz qapılarını bizə qonaqpərvərliklə açan uyğur torpağının əbədi mənəvi irsi ilə təmasda olduğumuzu hiss etdik. Bundan sonra hər bir dəmirçinin məhsulu, hər bir ot çantası və hər bir araqçın - satın alınan bütün məhsullar bu heyrətamiz səyahətdən qalacaq xoş xatirənin bir parçası olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
azertag.az

1Sources