Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə avqustun 16-dan başlayaraq Pakistanın 10 aparıcı turizm şirkəti üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib. Tanışlıq səfəri avqustun 22-dək davam edəcək.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Pakistan Travel Mart”la birgə təşkil olunan tanışlıq turu çərçivəsində iştirakçılara mədəni irs, təbiət, tarixi turizm üzrə müxtəlif turizm məhsulları tanıdılıb və turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib.
50-yə yaxın yerli şirkətin iştirak etdiyi B2B görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və turist mübadiləsi üzrə müzakirələr aparılıb.
Hazırda Pakistanın Lahor və İslamabad şəhərlərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirilir.
Bu ilin yanvar-iyul aylarında ölkəmizə 46 mindən çox Pakistan vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.