Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavları- Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır. Bu barədə “Respublika Meydanı” Teleqram kanalı məlumat verib. Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib. Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri - anklavlar var. Bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır. Mənbənin məlumatına görə, bununla Ermənistan, Gürcüstan və İran yolları Azərbaycanın nəzarətinə keçəcək. Ermənistan həqiqətən Azərbaycanın anklav kəndlərini təhvil verəcəkmi? Ermənistanın anklavlarla bağlı addımı Gürcüstan və İran yollarının Azərbaycanın nəzarətinə keçməsi deməkdirmi? Bu məsələ demarkasiya prosesinin sürətlənməsinə, yoxsa əksinə, yeni gərginliklərə yol aça bilər?

“Bu məsələ ilə bağlı ilkin razılaşmalar mövcuddur. Əgər Vaşinqtonda keçirilən üçtərəfli görüşdə 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edilibsə, deməli, o dövrə – SSRİ-nin süqutuna qədər bu kəndlərin hər biri Azərbaycana məxsus olub. Ancaq burada əsas şərtlərdən biri həmin anklavların Azərbaycanın quru yolu ilə birləşdirilməsidir. Ermənistan bunu da təmin etməlidir”.
Deputat həmçinin sözügedən kəndlərin tarixi köklərinə diqqət çəkib:
“Sofulu, Barxudarlı və Əskipara kəndləri Qazax rayonuna aid qədim yaşayış məntəqələridir. Toponimlərin özü də bunu təsdiqləyir. Sofulu qədim sufilərin məskəni olub. Orada məskunlaşan sufi dərvişləri İslam fəlsəfəsini Azərbaycan və Şərqi Anadolu coğrafiyasına yayırdılar. Bu fakt Sofulunun Azərbaycana məxsus olduğunu bir daha sübut edir. Eləcə də, Yuxarı və Aşağı Əskipara adlarından göründüyü kimi, Azərbaycan kəndidir. Lakin ötən əsrin əvvəllərində ermənilər həmin ərazidə “Erməni Əskiparası” adlı kiçik yaşayış məntəqəsi salmaqla Yuxarı və Aşağı Əskiparanı bir-birindən ayırıblar. Ermənilərin atdığı addımlar təsadüfi deyil və onların planları uzunmüddətli, əvvəlcədən hesablanmış şərtlərə əsaslanır. Buna görə də, Aşağı və Yuxarı Əskipara kəndləri mütləq Azərbaycana qaytarılmalıdır.
Doğrudan da, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən Ermənistan–Gürcüstan yolunun hərəkəti “ovuc içi” kimi aydın görünür. Bu da o deməkdir ki, həmin ərazilər Azərbaycanın nəzarətinə keçməlidir. Kiminsə hansısa marşrutu bizim torpaqların yaxınlığından keçirsə, bu, əsla o demək deyil ki, biz həmin torpaqlardan imtina etməliyik. Əksinə, əgər bölgədə sülh olacaqsa, bu nəzarət heç bir problem yaratmayacaq”.
Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, əgər ermənilər müharibə aparmaq niyyətinə düşsələr, bu, əksinə, Azərbaycanın lehinə olacaq:
“Kərki kəndi Vedibasar mahalının Arazdəyən kəndindən başlayaraq Sədərək rayonunun üstündən Qafan və Gorus rayonlarına, oradan da İrana gedən yolu əhatə edir. Kərki kəndinə nəzarət bərpa olunduqda, əslində Vedibasar-Arazdəyən-Sədərək-Qafan yoluna tam nəzarət etmiş olacağıq. Onsuz da Sədərək yüksəkliklərindən həmin ərazini izləmək mümkündür. Ermənilər sülh şəraitində yaşamaq istəyirlərsə, bundan qorxmamalıdırlar. Əgər isə müharibə niyyətləri varsa, qorxmaları da yaxşıdır.
Ermənilər həmişə radikal müharibə prizmasından baxdıqları üçün bu ərazilərin Azərbaycana qaytarılması onlara çətin gəlir. Lakin sülh üçün bu addım yeni iqtisadi və inteqrativ imkanlar yaradacaq”.
Mehin Mehmanqızı