Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla mühafizə zolağında yerləşən daşınmaz əmlakların qeydiyyatından imtina hallarının azaldılması və qanunamüvafiq tənzimləmənin aparılması məqsədilə magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub.
Yol Xəritəsində qeyd edilib ki, cari ilin 1 sentyabr tarixinə qədər “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin, habelə sistem üzrə nəzərdə tutulan altsistemlərin Texniki tapşırıq sənədinin hazırlanması, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiya edilməsi məqsədilə ərazi qeydiyyat orqanlarının arxivlərində saxlanılan daşınmaz əmlakın qeydiyyatı üçün əsas olan sənədlərin tam rəqəmsallaşdırılması və aralıq məlumat bazasının yaradılmasına dair Texniki tapşırıq sənədinin hazırlanması planlaşdırılır.
Eyni zamanda, mənzil mülkiyyətçisi qismində çıxış edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin mənzilin olduğu binanın yerləşdiyi torpaq sahəsinə münasibətdə hüquqlarının tənzimlənməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.