Makron layihəsi” adlandıra biləcəyimiz bu missiya iflasa uğradı"
Cənubi Qafqaz regionunda baş verən proseslər Vaşinqton zirvəsindən baxanda tamamilə fərqli görünür. Vaşinqtonda paraflanan sülh sənədinin təsdiq olunması Ermənistanda yerləşən Avropa mülki missiyasının bundansonrakı əhəmiyyətini, yaxud hansı “marşruta” salınacağını sual altında qoyur. Yaxud Makron Fransasının Vaşinqton görüşündən sonra hansı mövqeni sərgiləyəcəyi də birmənalı deyil. Sülh sənədlərinin paraflanmasının icrası və sülh sazişi şərtlərinin yerinə yetirilməsi ilə bağlı yaranmış vəziyyət Avropa missiyasını bölgədən göndərə biləcəkmi?
Müsahibimiz “Səs” qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyevdir.
- Vaşinqtonda sülh mətninin paraflanması qərarından sonra, Avropa İttifaqının Ermənistandakı missiyasına ehtiyac qalırmı?
- Əslində, bu missiyanın yaranma səbəbi məhz Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik, münaqişə idi. Avropa, xüsusilə Makron öz siyasi məqsədlərini gerçəkləşdirmək üçün bu addımı atdı. Vaşinqtonda sülh mətninin paraflanması ilə artıq bölgədə yeni reallıqlar formalaşır. Bu reallıqda Avropa İttifaqının Ermənistandakı missiyasına nə hüquqi, nə də siyasi baxımdan ehtiyac qalır. Əsas məqsəd sülh idi, sülh də Vaşinqton formatında həllini tapıb. Bundan sonra həmin missiya yalnız formal xarakter daşıya bilər və ona görə də ehtiyac yoxdur.
- Belə qeydlər var idi ki, bu missiya Makronun layihəsi idi, məqsəd də Aİ-nin, Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq idi. Makronun Ermənistanla bağlı məlum missiyası bundan sonra arxa plana keçəcəkmi?
- Tamamilə doğrudur, bu missiyanın siyasi sifarişçisi məhz Fransa Prezidenti Emmanuel Makron idi. Onun planı açıq idi: Ermənistanda hərbi-siyasi mövcudluq yaratmaq, Qafqazda Fransa təsirini gücləndirmək. Vaşinqton sazişi bu planları əngəllədi. “Makron layihəsi” adlandıra biləcəyimiz bu missiya iflasa uğradı və arxa plana keçir. Yeni mənzərədə Qafqazda proseslərin əsas idarəedicisi ABŞ oldu, Fransa isə istədiyi rolu əldə edə bilmədi.
- Məlumdur ki, ictimai rəydə Trampın Nobel sülh mükafatına layiq görülməsi, təqdim edilməsi məsələsi gündəmdədir. Bu barədə Azərbaycan Prezidenti də təşəbbüslə çıxış etmişdi. Trampav layiq olduğu Nobel mükafatı düşürmü?
- Bu məsələ, əslində, sırf siyasi deyil, həm də tarixi xarakter daşıyır. Trampın təşəbbüsü ilə imzalanmış sülh sənədi Cənubi Qafqazda uzun illərin münaqişəsinə son qoymaq potensialına malikdir. Bu, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regiondan ötrü yeni səhifə açır. Azərbaycan Prezidenti İlham Əliyevin Trampın Nobel sülh mükafatına təqdim olunması ilə bağlı təşəbbüsü də məhz buna görədir. Əgər sənəd tam icra olunarsa, Fransa öz təxribatçı siyasətindən əl çəkərsə, əlbəttə, Tramp bu mükafata tam layiqdir. O, dünyada yeni sülh formatı yaratmağa nail olub və tarixi, siyasi gündəmi dəyişib.
- Vaşinqton görüşü ötən il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ görüşünü nəyi ilə üstələmiş oldu?
- Brüssel formatı, xüsusən də 2023-cü ilin aprel görüşü yalnız siyasi mesaj, tövsiyə xarakteri daşıyırdı. Orada real sənəd, razılaşma ortaya çıxmadı. Hətta əksinə, Avropanın ikili standartları bir daha özüne göstərdi. Görüşdən sonra yenə Azərbaycana qarşı təzyiqlər başladı.Vaşinqton görüşü isə tarixi dönüş nöqtəsi oldu. Konkret sənəd, platforma ilə nəticələndi. Bu, artıq kağız üzərində deyil, beynəlxalq hüquq müstəvisində təsdiqlənmiş razılaşmadır. Ona görə də Vaşinqton görüşü Brüsseli üstələdi, hətta deyərdim ki, Avropanın bölgədəki bütün diplomatik oyunlarını alt-üst etdi. Deməliyəm ki, Qafqazda yeni münasibətlər sisteminin, yeni formatların yaranması tam yeni bir mühitin mənzərəsidir.