EN

Şəhərlərdə nəqliyyat sıxlığının azaldılması kompleks yanaşma tələb edir NƏQLİYYAT EKSPERTİ ŞƏRH ETDİ

ain.az, Sia Az saytına istinadən bildirir.

"Şəhərlərdə nəqliyyat sıxlığının azaldılması məsələsi sadəcə yeni yolların tikintisi ilə həll edilə bilməz. O bildirir ki, bu, çoxşaxəli və kompleks yanaşma tələb edən bir prosesdir. İlk növbədə, ictimai nəqliyyatın əlçatanlığının artırılması, onun keyfiyyətinin yüksəldilməsi və insanların şəxsi avtomobildən imtina etməsini stimullaşdıracaq alternativlərin yaradılması əsas hədəf olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, metro xətlərinin genişləndirilməsi, avtobus parkının yenilənməsi, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəyə verilməsi, eləcə də sürətli avtobus zolaqlarının (BRT) tətbiqi bu baxımdan xüsusi önəm daşıyır: "Velosiped yollarının inkişafı və piyada infrastrukturunun yaxşılaşdırılması da sıxlığın azalmasına ciddi təsir göstərə bilər. Dünyanın bir çox şəhərlərində olduğu kimi, velosipedin gündəlik nəqliyyat vasitəsinə çevrilməsi üçün təhlükəsiz, fasiləsiz və müasir velosiped şəbəkəsi yaradılmalıdır. Bununla yanaşı, geniş, rahat və təhlükəsiz səkilərin salınması insanların daha çox piyada hərəkət etməsinə şərait yaradacaq. Rəqəmsal texnologiyaların tətbiqi olmadan sıxlığın tam həlli mümkün deyil. Ağıllı işıqfor sistemlərinin quraşdırılması, real vaxt rejimində işləyən mobil tətbiqlərin istifadəyə verilməsi, parkinq yerlərinin elektron idarə olunması və paylaşılan nəqliyyat xidmətlərinin – “car sharing”, “bike sharing” kimi modellərin tətbiqi nəqliyyatın optimallaşdırılmasına mühüm töhfə verə bilər. Uzunmüddətli perspektivdə şəhərsalma siyasətində də ciddi dəyişikliklər aparılmalıdır. İş yerlərinin, təhsil müəssisələrinin, iri ticarət mərkəzlərinin yalnız şəhər mərkəzində cəmlənməsi gündəlik olaraq böyük axın yaradır. Əgər şəhər ətrafında iqtisadi, sosial və mədəni mərkəzlər yaradılarsa, bu, nəqliyyat yükünü balanslaşdıracaq və mərkəzə olan təzyiqi azaldacaq.

Beləliklə, nəqliyyat sıxlığının həlli yalnız yeni yolların salınması ilə mümkün deyil. Bu, ictimai nəqliyyatın gücləndirilməsi, alternativ nəqliyyat vasitələrinin təşviqi, rəqəmsal texnologiyaların tətbiqi və düzgün şəhərsalma siyasətinin həyata keçirilməsi ilə reallaşa bilər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
sia.az

2Sources